Kuveyt İran səfirini çağırdı və iki diplomatı qovdu: Bölgədə gərginlik pik həddə

Kuveyt hökuməti ölkə ərazisinə edilən raket və dron hücumlarına cavab olaraq kəskin diplomatik addımlar atıb. Rəsmi Küveyt İranın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb, iki iranlı diplomatı ölkədən qovub və İranın Küveytdəki diplomatik missiyasının tərkibini ixtisar edib.

ELAZ.İNFO xəbər verir ki, Küveyt rəsmiləri öz ərazilərinin və ya hava məkanının hər hansı bir ölkəyə hücum məqsədilə istifadə olunmadığını qətiyyətlə bəyan ediblər. Küveyt Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı bəyanata əsasən, Nazir müavini Həməd Süleyman Əl-Məşaan İran səfirliyinin müvəqqəti işlər vəkili Həmid Yaqubi Fara rəsmi etiraz notasını təqdim edib. Küveyt hökuməti İran diplomatik missiyasının iki əməkdaşını “persona non grata” (arzuolunmaz şəxs) elan edərək, onlara ölkəni tərk etmək üçün 24 saat vaxt tanıyıb. Nazir müavini Əl-Məşaan bildirib ki, İranın ballistik raketlər və dronlarla həyata keçirdiyi “davamlı və açıq-aşkar” hücumları Küveytin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Küveyt tərəfi İranın “ABŞ Küveytdən istifadə edərək İrana zərbələr endirir” iddialarını qətiyyətlə rədd edib, bu iddiaların tamamilə əsassız olduğunu və mülki obyektlərə edilən hücumlara bəraət qazandıra bilməyəcəyini vurğulayıb.

Bu kəskin diplomatik qərarlar Küveyt rəsmilərinin ölkənin strateji və mülki obyektlərinə, o cümlədən Küveyt Beynəlxalq Hava Limanına edilən yeni İran raket və dron hücumları barədə verdiyi məlumatdan bir neçə saat sonra qəbul edilib. Xarici İşlər Nazirliyinin bəyanatına görə, son hücumlar nəticəsində 1 nəfər dünyasını dəyişib, onlarla mülki şəxs yaralanıb. Eyni zamanda ölkənin mühüm infrastrukturuna və diplomatik binalara ciddi ziyan dəyib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın