-“Rusiyanın İrandan Rusiyaya yüksək dərəcədə zənginləşdirilmiş uranın çıxarılması təklifi faydalıdır; belə bir həll yolu yaxşı olardı”.
ELAZ.İNFO xəbər verir ki, bu fikirləri ABŞ-nin Silahlara Nəzarət Assosiasiyasının Direktorlar Şurasının sədri Tomas Kantriman TASS müxbirinə bildirib.
2016-2017-ci illərdə Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə Dövlət Katibinin müavini vəzifəsini icra edən ekspert vurğulayıb ki, “Bu, faydalı bir təklifdir”. “Bu, birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində 2015-ci il qərarının bir hissəsi idi. Ümid edirəm ki, Rusiya bunu təklif etməyə davam edəcək.”
Silahlara Nəzarət Assosiasiyasının illik iclasında iştirak edən Kantriman onu da söyləyib ki, “ABŞ və İranın bu məsələni həll etməzdən əvvəl hələ uzun bir yolu var. Zənginləşdirilmiş uranın Rusiyaya göndərilməsindən və ya İranda zənginləşdirmə səviyyələrini azaltmaq üçün [digər materiallarla] qarışdırılmasından asılı olmayaraq, hər iki variant yaxınlaşan yayılmama problemini həll etmək üçün yaxşı həllərdir”.
Məlumat üçün bildirək ki, Kantriman ABŞ Xarici İşlər Xidmətində təxminən 35 il çalışıb. ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə o, Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması Bürosunda baş məsləhətçi vəzifəsində çalışıb.
O da məlumdur ki, 27 may tarixində ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranın Rusiyaya və ya Çinə ötürülməsi variantından məmnun olmadığını bildirib.
İlahə BAYINDIR
