Hamburq sakinləri şəhərdə Olimpiya Oyunlarının keçirilməsinə “Yox” dedilər

Hamburq sakinləri keçirilən referendumda Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciət fəaliyyətinə qarşı səs veriblər.

ELAZ.INFO xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Hamburq hələ ölkədaxili seçim prosesi tam başlamadan mübarizədən kənarlaşıb.

Səslərin hesablanması tam başa çatmamış artıq səsverənlərin əksəriyyətinin 2036, 2040 və ya 2044-cü illərdə keçiriləcək Olimpiya Oyunlarına namizədlik ideiyasını rədd etdiyi məlum olub: Seçki komissiyasının rəhbəri Oliver Rudolfun verdiyi məlumata görə, ümumilikdə 652 193 səs qeydə alınıb. Səsvermədə fəallıq 49,5% təşkil edib. Şəhərdə 16 yaşından yuxarı təxminən 1,3 milyon sakinin səsvermə hüququ var idi.

Bununla da Hamburqun birinci burqomistri Peter Çençerin rəhbərlik etdiyi şəhər Senatı 11 il əvvəlki eyni uğursuzluğu yenidən yaşayıb. Belə ki, 2015-ci ildə də Hamburq sakinləri 2024-cü il Olimpiadasına namizədliyə qarşı səs vermişdilər (o zaman iştirakçıların 51,6%-i əleyhinə, 48,4%-i lehinə olmuşdu, fəallıq isə 50,2% təşkil edirdi).

Bu imtina burqomistr P.Çençer üçün şəxsi məğlubiyyət hesab olunur, çünki o, Olimpiada kampaniyasının əsas təbliğatçısı qismində fəal iştirak edirdi. Lakin skeptiklər qeyd olunan arqumentlərə görə razı salına bilməyib: Olimpiadanın gətirəcəyi proqnozlaşdırıla bilməyən böyük maliyyə xərcləri; irimiqyaslı tikintilərin və nəqliyyat sıxlığının əhaliyə, şəhərə və ekologiyaya mənfi təsiri; Şəhərdə onsuz da yüksək olan kirayə haqlarının daha da artacağı qorxusu və kütləvi idmanın bu layihədən heç bir fayda görməyəcəyi iddiaları.

Hamburqun gedişindən sonra Almaniya daxilində raundda cəmi 3 namizəd qalıb: Münhen, Reyn-Rur regionu və Berlin. Münhen və Reyn-Rur regionunda əhalinin təxminən 66%-i Olimpiada ideyasını dəstəkləyir. Berlin isə konstitusiya və hüquqi səbəblərdən referendum keçirməkdən imtina edib, lakin şəhərin Deputatlar Palatası mayın 21-də səs çoxluğu ilə Olimpiadaya namizədlik müraciətini təsdiqləyib.

Almaniya Olimpiya İdman Konfederasiyası (DOSB) beynəlxalq mərhələyə hansı vahid namizədlə qatılacağına dair yekun qərarını cari il sentyabrın 26-da qəbul edəcək. Qeyd edək ki, Almaniya hökuməti 2025-ci ildə verdiyi bəyanatda xüsusilə 2040-cı il Oyunlarının ölkədə keçirilməsini dəstəklədiyini bildirmişdi. Almaniya indiyə qədər Yay Olimpiya Oyunlarına 1936 (Berlin) və 1972-ci (Münhen) illərdə ev sahibliyi edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın