Ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukov cəzaçəkmə müəssisəsində xüsusi imtiyazlar əldə etmək üçün ilkin olaraq “Qara delfin” koloniyasının əməkdaşlarına 5 milyon dollar məbləğində rüşvət təklif edib.
ELAZ.INFO xəbər verir ki, sənədə əsasən, koloniyanın operativ şöbəsinin rəisi əməliyyat-axtarış tədbirləri çərçivəsində Araşukovla təxminən beş dəfə görüşüb. Görüşlər zamanı keçmiş senator Rusiya Federal Cəzaçəkmə Xidmətinin Orenburq vilayəti üzrə idarə rəisinə ötürülmək üçün əvvəlcə 5 milyon dollar, növbəti görüşdə isə 5 milyon rubl rüşvət təklif edib. Bununla yanaşı, o, operativ şöbə rəisinin özünə də koloniyada xüsusi şəraitin – limitsiz zənglər, görüşlər, bağlamalar, kamera qonşusunu və iş yerini sərbəst seçmək hüququnun təmin edilməsi müqabilində 1 milyon rubl təklif edib.
Rauf Araşukov 2019-cu il yanvarın 30-da Rusiya Federasiya Şurasının qapalı iclasında həbs olunub. Elə həmin gün onun atası, “Qazprom mejreqionqaz” şirkətinin baş direktorunun keçmiş müşaviri Raul Araşukov da saxlanılıb. Moskva Şəhər Məhkəməsi 2022-ci il dekabrın 27-də Araşukovları mütəşəkkil cinayətkar dəstə yaratmaqda, “Adıge xase” gənclər hərəkatının sədri Aslan Jukovun və Qaraçay-Çərkəz prezidentinin müşaviri Fral Şebzuxovun qətllərini təşkil etməkdə, həmçinin “Qazprom”dan 4,4 milyard rubl dəyərində qaz oğurlamaqda təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. Qətllərin qaz oğurluğu faktlarını gizlətmək məqsədilə törədildiyi sübuta yetirilib.
Cəza çəkdiyi dövrdə Rauf Araşukova qarşı rüşvət vermə maddəsi ilə yeni ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, o, vəkili vasitəsilə xidmət əməkdaşına 3 milyon rubl rüşvət ötürüb. 2026-cı il yanvarın 13-də Orenburqun Lenin Rayon Məhkəməsi bu iş üzrə keçmiş senatora 10 il həbs və 120 milyon rubl cərimə cəzası kəsib. Cəzaların toplanması prinsipinə əsasən, ona yekun olaraq ömürlük həbs və 120000000 rubl cərimə qərarı verilib. 2026-cı il martın 18-də apelyasiya instansiyası bu hökmü qüvvədə saxlayıb.
Ruslan MƏMMƏDOV
