Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət olunması və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda açıq debat keçirilib. İclasda Azərbaycan Respublikasının prinsipial mövqeyi növbəti dəfə rəsmi şəkildə diqqətə çatdırılıb.
ELAZ.İNFO xəbər verir ki, debatda çıxış edən Azərbaycan tərəfi davamlı sülh və təhlükəsizliyin yalnız BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə tam riayət olunmaqla əldə edilə biləcəyinə dair ölkəmizin qəti mövqeyini təsdiqləyib. Bəyanatda suveren bərabərlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinin beynəlxalq münasibətlərin əsasını təşkil etməli olduğu xüsusi vurğulanıb. Bu prinsiplərin heç bir seçkili yanaşma və ikili standartlar olmadan tətbiq edilməsinin vacibliyi qeyd olunub.
Çıxış zamanı müasir dünyada qlobal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məsələsinə də toxunulub. Cari geosiyasi reallıqlara cavab vermək, hesabatlılığı və çevik reaksiya vermə qabiliyyətini artırmaq üçün BMT-də, o cümlədən Təhlükəsizlik Şurasında təmsilçiliyin genişləndirilməsini nəzərdə tutan hərtərəfli islahatların aparılmasının zəruriliyi ifadə edilib. Uzun illər beynəlxalq hüququn pozulmasından və münaqişənin ağır nəticələrindən əziyyət çəkən bir dövlət kimi, Azərbaycanın ədalətin, məsuliyyətin və effektiv çoxtərəfli əməkdaşlığın önəmini dərindən dərk etdiyi bildirilib. Bu gün rəsmi Bakı praktiki təşəbbüslər və beynəlxalq tərəfdaşlıq vasitəsilə regionda sabitliyin bərqərar olmasına və sülh quruculuğu prosesinə aktiv şəkildə öz töhfələrini verməkdədir.
Sonda Azərbaycanın beynəlxalq platformalar çərçivəsində həqiqi çoxtərəfliliyin gücləndirilməsi və konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi işinə sadiq qaldığı bir daha bəyan olunub.
Ruslan MƏMMƏDOV
