Göygöl rayonunda ölümlə hədələmə və bədən xəsarəti ilə nəticələnən ağır ailə münaqişəsinin məhkəmə prosesi başa çatıb.
ELAZ.İNFO xəbər verir ki, hadisəyə səbəb 1988-ci il təvəllüdlü Sadiqin (adlar şərtidir – red.) evə sərxoş halda gələrək həyat yoldaşına qarşı zorakılıq etməsi olub.
Məhkəmə sənədlərinə görə, Sadiq işdən içkili qayıtdıqdan sonra mağazadan əlavə spirtli içki alaraq evdə qəbul etməyə davam edib. Sərxoş halda həyətdə əyləşən həyat yoldaşı Günaya yaxınlaşan şəxs, ondan sevgi göstərməsini tələb edib. Qadının narazılığını və xəstə olduğunu bildirməsini “soyuqluq” kimi qiymətləndirən Sadiq, qəfil qəzəblənərək arvadının sağ qulağını dişi ilə qoparıb. Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılıb və qulağına tikiş qoyulub.
Günay ifadəsində bildirib ki, hadisədən sonra həyat yoldaşı onu ölümlə hədələyib. Bu səbəbdən o, polisə müraciət edərək şikayətçi olub və artıq Sadidən ayrıldığını qeyd edib. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, hadisəni güclü sərxoşluq təsirindən törətdiyini bildirib.
Göygöl Rayon Məhkəməsi işə baxaraq, Milli Məclisin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə elan etdiyi amnistiya aktını Sadiqə tətbiq edib. Nəticədə, o, cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Ruslan Məmmədov

