Azərbaycanda heyvan satışı bazarlarının müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər davam edir. Bu çərçivədə yenidən qurulan 16 heyvan bazarı artıq fəaliyyətə başlayıb.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, istifadəyə verilən bazarlar Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Xaçmaz və Sabirabad rayonlarında, həmçinin Bakının Binə qəsəbəsində yerləşir.
Yenilənən bazarlarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri infrastruktur yaradılıb. Ərazilərdə heyvanların kliniki müayinəsi üçün xüsusi platformalar, dezinfeksiya məntəqələri (dezbaryerlər), izolyatorlar, həmçinin heyvanların çəkisini və bədən temperaturunu ölçməyə imkan verən avadanlıqlar quraşdırılıb.
Bundan əlavə, heyvanların saxlanılması, alıcılara təqdim edilməsi, yüklənməsi və boşaldılması üçün ayrıca sahələr təşkil olunub. Bazarlarda su və yem təminatı, işıqlandırma sistemi və tullantıların idarə olunması üçün də müasir şərait yaradılıb.
AQTA bildirir ki, heyvan bazarları yalnız agentliyin təsdiq etdiyi baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən qurulduqdan və xüsusi komissiyanın müsbət rəyini aldıqdan sonra fəaliyyət göstərə bilər.
Günel GÜNTAC


