Uzun illərdir Menyer xəstəliyi və vestibulyar başgicəllənmələrin müalicəsində istifadə olunan “Betahistin” preparatının yeni və mühüm xüsusiyyəti aşkar edilib.
ELAZ.İNFO xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Nəzəri və Eksperimental Biofizika İnstitutunun tədqiqatçıları bu dərmanın neyronları bərpa etmək və hüceyrələrin “enerji stansiyaları” olan mitoxondrilərin işini normallaşdırmaq qabiliyyətinə malik olduğunu müəyyən ediblər. Bu kəşf preparatın gələcəkdə işemiya və neyrodegenerativ xəstəliklərin müalicəsində istifadəsi üçün geniş perspektivlər açır.
Tədqiqatçılar qeyd edirlər ki, “Betahistin”in neyroprotektor (sinir hüceyrələrini qoruyan) xüsusiyyətləri uzun müddət diqqətdən kənarda qalıb. Lakin son sınaqlar göstərib ki, preparat beyin sapındakı vestibulyar nüvələrdə, xüsusən də Deyters nüvəsində zədələnmiş neyronları effektiv şəkildə bərpa edir. Maraqlıdır ki, analoji pozuntular tez-tez Altsheymer və Parkinson xəstələrində də müşahidə olunur. Bu səbəbdən dərmanın həmin xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tətbiqi nəzərdən keçirilir.
Təcrübələr zamanı “Betahistin” qəbul edən canlılarda hərəkət aktivliyinin və kooperasiyanın daha sürətlə bərpa olunduğu, neyroiltihaba səbəb olan hüceyrələrin aktivliyinin isə azaldığı müşahidə edilib. İnstitutun aparıcı elmi işçisi İrina Mixeyevanın sözlərinə görə, dərman yalnız simptomları yüngülləşdirmir, həm də hüceyrə səviyyəsində bərpa proseslərini işə salır. Bu isə o deməkdir ki, gələcəkdə başgicəllənmə dərmanı təkcə tarazlıq problemlərini həll etməyəcək, həm də beynin yaşlanma və zədələnmə ilə bağlı ağır xəstəliklərdən qorunmasında mühüm rol oynayacaq.
Ruslan Məmmədov

