ELAZ.İNFO xəbər verir ki, Güney Azərbaycan Milli Məşvərət Şurası ELAZ.İNFO saytına məktub ünvanlayıb.
Məktub-müraciəti olduğu kimi çap edirik.
Güney Azərbaycan Türk Millətinin gələcəyi və dövlət quruculuğu istiqamətində bir sıra soydaşlarımızla birlikdə gecə-gündüz çalışırıq. İnanırıq ki, millətinə inanan, onun yolunda çalışan insanların dəstəyi ilə zəfər mütləq bizim olacaq.
Bölgədə baş verən son hadisələr bir daha göstərdi ki, heç bir hakimiyyət əbədi deyil. Bu kimi dönüş nöqtələri millətlər arasında ümid yaradır və xalqların dəyişiklik istəyini daha açıq şəkildə ortaya qoyur. Bu, həm də tarixi proseslərin yeni mərhələyə daxil olduğunun göstəricisidir.
Lakin reallıq ondan ibarətdir ki, Güney Azərbaycan Türk Milləti hələ istədiyi səviyyədə təşkilatlanmayıb. Milli qüvvələr arasında parçalanma, istiqamət çatışmazlığı və koordinasiya problemləri hələ də mövcuddur. Bu isə tarixi fürsətlərin lazımi səviyyədə dəyərləndirilməsinə mane olur.
Bu gün əsas məsələ emosiyalar deyil, təşkilatlanma, strateji düşüncə və milli birlikdir.
Aydın məqsəd,koordinasiyalı fəaliyyət,güclü informasiya və media işi,olmadan heç bir milli hərəkat uğur qazana bilməz.
Eyni zamanda, kənar təsirlərin və yönləndirmələrin fərqində olmaq və milli iradəni qorumaq da son dərəcə vacibdir. Bu mərhələdə hər bir addım daha düşünülmüş, daha planlı və daha məsuliyyətli olmalıdır.
Zaman həqiqətən də məhduddur. Bu səbəbdən hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Xarici dəstək olsa da, olmasa da, bir millətin taleyini müəyyən edən onun öz iradəsi və təşkilatlanma gücüdür.
Biz bu yolu öz gücümüzlə, öz iradəmizlə getməliyik.
Çünki tarix gözləməz.
Hörmətlə,
Rıza Qaraçay