İrəvan qədim türk yurdudur-XVIII əsr fransız tarixçisi və diplomatı Carle Lefèvre-Pontalis

ELAZ.İNFO

İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir. Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş və bura barədə qeydlər etmişlər.

Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir.

İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur.

İrəvanın qədim Azərbaycan şəhəri və əhalisinin Türklərdən ibarət olmasını təsdiq edən, müəllifi Carle Lefèvre-Pontalis olan, 1894-cü ildə Parisdə nəşr edilən “Tiflisdən Persepolisə: Qədim Şərqin qalıqları” kitabıdır.

Kitabda müəllif İrəvan barədə qeydlər edir və Rusiya işğalından əvvəl bu şəhərin İrəvan xanlığının paytaxtı olmasını təsdiq edir. O, bölgənin demoqrafik vəziyyətindəki dəyişiklikləri müşahidə edərək bildirir ki, şəhər hələ də özünün “tatar” kimliyini qoruyub saxlamışdı, lakin artıq Rusiya inzibati idarəçiliyi altına düşmüşdü.

Müəllif İrəvanı təsvir edərkən onu müsəlman şəhəri adlandırır. O, şəhərin mənzərəsini kilsə zəngləri ilə deyil, məscid minarələri ilə təsvir edir.

Fransız diplomat və səyyah İrəvanın ruslardan əvvəlki sahiblərini və idarəçilərini Sərdarlar adlandırır. O dövrün terminologiyasında onların Azərbaycan türkləri olmasını da qeyd edir. O, xüsusi qeyd edir ki, Rusiya işğalına və erməni əhalisinin çoxalmasına baxmayaraq İrəvan türk-müsəlman görkəmini dəyişməmişdir.

O, yazır ki, rusların bu əraziləri işğal edəndən sonra erməniləri bura köçürməklə öz sərhədlərini möhkəmləndirmək siyasəti aparıblar.

Xanlıq rus generalı Paskeviç tərəfindən tutulduqdan sonra imperator I Nikolayın fərmanı ilə burada müvəqqəti “Erməni vilayəti” yaradılmasını müəllif xüsusi olaraq qeyd edir. Bura Rusiyanın regiondakı xristian dayağına çevrilməli idi ki, onu zamanla icra edirdilər.

Lefèvre-Pontalis yazır ki, erməniləri İrəvana köçürən Rusiya Eçmiədzin monastırında yerləşdirdiyi erməni katalikosluğunu xaricdəki ermənilərin kilsə ətrafında toplanan bir mərkəz etmişdir.
Müəllifin o dövrün sənədləri ilə tanış olması və regionda ciddi araşdırmalarının nəticəsi olaraq yazır ki, Rusiya işğalına qədər bura əhalisi müsəlman-türk olan xanlıq idi. 1828-ci ildən sonra İran və Osmanlı torpaqlarından erməni ailələrin bura köçürülməsi ilə mülkiyyət və demoqrafik vəziyyət süni şəkildə dəyişdirilməyə başlanıb. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bura Rusiya İmperiyasının nəzarətinə keçib.

İrəvanın ən möhtəşəm abidəsi olan Göy Məscidin divarlarındakı bəzəkləri və orada ibadət edən müsəlmanları təsvir edərək, şəhərin xristian idarəçiliyi altında belə öz “türk-islam” mahiyyətini necə qoruduğuna xüsusi qeyd edir. Onun qeydlərindən aydın olur ki, şəhərdə əksəriyyət türk dilində danışır.

O, yazır ki, rus məmurlarının belə yerli əhali ilə ünsiyyət qurmaq üçün bu dili bilən tərcüməçilərə müraciət edir. O, İrəvandakı tatarları və onların dilini, adətlərini Arazın o tayındakı insanlarla eyni kökdən gələn, eyni dildə danışan bir toplum kimi təqdim edir.

Daha geniş məlumat əldə etmək üçün kitabı yükləyib oxumaq olar

.Zaur Əliyev

Prof.Dr.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights