Paytaxtın Zərifə Əliyeva küçəsində hərəkətdə olan avtomobildən yola tullantı atılmasını əks etdirən videogörüntülər sosial şəbəkələrdə geniş müzakirə doğurub. 99-AA-160 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsünün yol verdiyi bu qanunsuz hərəkət ictimai qınağa səbəb olub.
ELAZ.İNFO xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli rəsmi məlumat verib. Məsələ ilə bağlı idarə rəsmisi bildirib ki, yayılan görüntülər əsasında dərhal araşdırmalara başlanılıb: Sözügedən nəqliyyat vasitəsinin sürücüsü DYP əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə (nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılması) əsasən inzibati protokol tərtib edilib.
Xatırladaq ki, nəqliyyat vasitəsindən yollara tullantı atılması təkcə estetik görüntünü pozmur, həm də ciddi fəsadlara yol açır: Şəhərin təmizliyinin qorunması hər bir vətəndaşın borcudur. Yola atılan əşyalar digər sürücülər üçün qəza şəraiti yarada bilər. Bu addım ictimai qaydaya zidd olmaqla yanaşı, birbaşa inzibati məsuliyyət yaradır. Dövlət Yol Polisi sürücüləri daha məsuliyyətli olmağa və qaydalara riayət etməyə çağırır.
Ruslan MƏMMƏDOV