Razi Nurullayevdən İnqilabi Təklif: “Məşğulluq Yaradan Layihələr Dövlət Ehtiyacı Hesab Olunsun”

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin son iclasında torpaq islahatları və iqtisadi inkişaf sahəsində diqqətçəkən təkliflərlə çıxış edib. Deputat bildirib ki, “dövlət ehtiyacı” anlayışına yenidən baxılmalı və bu anlayış müasir iqtisadi reallıqlara uyğunlaşdırılmalıdır.

ELAZ.İNFO xəbər verir ki, Razi Nurullayev hazırda bir çox biznes subyektinin torpaq məsələləri səbəbindən fəaliyyətini genişləndirə bilmədiyini vurğulayıb. Deputat təklif edir ki, əgər bir biznes layihəsi konkret olaraq məşğulluğun artırılmasına xidmət edirsə, o, dövlət əhəmiyyətli layihə kimi tanınmalıdır: “Əgər hər hansı biznes layihəsi rəsmi şəkildə ən azı 30 və daha artıq daimi iş yeri yaratmağı öhdəsinə götürürsə, belə layihə dövlət ehtiyacı hesab edilsin və torpaq məsələləri sürətləndirilmiş qaydada həll olunsun”.

Razi Nurullayev çıxışında konkret hüquqi mexanizmlər də təklif edib: Mülki Məcəllə: 157.9-cu maddəyə əlavə edilsin ki, iqtisadi inkişaf və məşğulluğun artırılması məqsədilə həyata keçirilən investisiya layihələri də dövlət ehtiyacı dairəsinə daxildir. Xüsusi Qanun: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsində məşğulluq yönümlü iri və orta biznes layihələri ayrıca bənd kimi təsbit olunsun. Deputatın fikrincə, dövlətin ən böyük ehtiyacı hasarlar və ya yeni binalar deyil, vətəndaşın işlə təmin olunmasıdır. O qeyd edib ki, iş yeri olmayan regionların boşalması və sosial sabitliyin zəifləməsi ən böyük riskdir. Bu təklif mülkiyyət hüququnu zəiflətmək deyil, əksinə, ədalətli kompensasiya və şəffaflıq şərti ilə iqtisadi fəallığı artırmaq məqsədi daşıyır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights