Kennedi “Zəhər” Adlandırdığı Maddənin İstehsalına Yaşıl İşıq Yandırdı

İllərdir pestisidlərə və kimyəvi zərərlərə qarşı mübarizə aparan ABŞ-ın Səhiyyə və İctimai Xidmətlər Naziri Robert Kennedi (RFK Jr.), Prezident Donald Trampın bu maddələrin istehsalını artırmaq planını dəstəkləyib. Bu addım Kennedinin illərlə apardığı ekoloji mübarizəyə zidd kimi qiymətləndirilir.

ELAZ.İNFO xəbər verir ki, ətraf mühit üzrə vəkil kimi fəaliyyət göstərdiyi dövrdə Kennedi “Monsanto” şirkətinə qarşı qələbə qazanaraq, “qlifosat” tərkibli herbisidlərin xərçəng yaratdığını sübut etmişdi. Lakin indi o, ölkənin ən yüksək səhiyyə rəsmisi kimi Trampın qlifosat istehsalını sürətləndirən fərmanını müdafiə edir. Kennedi axşam saatlarında yaydığı açıqlamada pestisidlərin “dizayn etibarilə toksik” olduğunu etiraf etsə də, Trampın bu gedişini kənd təsərrüfatı sabitliyi və milli təhlükəsizlik üçün vacib adlandırıb: Prezident Tramp mövcud sistemi qurmayıb, onu miras alıb. Kənd təsərrüfatı kimyəvi maddələrinin istehsalını ABŞ-a qaytarmaq və rəqib dövlətlərdən asılılığımıza son qoymaq üçün Prezidentin fərmanını dəstəkləyirəm.

Trampın fərmanı təkcə istehsalı artırmır, həm də federal direktivlərə əməl edən kimya şirkətlərinə məhdud hüquqi toxunulmazlıq (immunitet) verir. Bu isə o deməkdir ki, gələcəkdə həmin maddələrin sağlamlığa ziyanı ilə bağlı məhkəmə iddiaları qaldırmaq daha çətin olacaq.

Ekspertlər hesab edirlər ki, Kennedinin bu kəskin mövqe dəyişikliyi onun ekoloq imicinə ciddi zərbə vura bilər. Digər tərəfdən, bu addım ABŞ-ın kənd təsərrüfatı sektorunda Çin kimi xarici rəqiblərdən asılılığı azaltmaq strategiyasının bir hissəsi kimi təqdim olunur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights