Olimpiadada Dəhşətli Qəza: Lindsi Vonnun Ayağını Amputasiyadan Son Anda Xilas Ediblər

Dünya şöhrətli amerikalı xizəkçi Lindsi Vonn 2026-cı il Milan-Kortina Qış Olimpiya Oyunlarında keçirdiyi qəza ilə bağlı şok təfərrüatları bölüşüb. 41 yaşlı idmançı sol ayağını itirmək təhlükəsi ilə üz-üzə qaldığını etiraf edib.

ELAZ.İNFO xəbər verir ki, eniş yarışı zamanı ağır qəzaya uğrayan Vonn, ilkin olaraq yalnız baldır sümüyünün mürəkkəb qırığı barədə məlumat vermişdi. Lakin idmançının son açıqlaması vəziyyətin daha kritik olduğunu ortaya qoyub. Vonn “Instagram” hesabında paylaşdığı postda qəza nəticəsində onda “kompartment sindromu” yarandığını bildirib. Bu hal əzələ qrupları daxilində qanaxma və ya şişkinlik səbəbindən təzyiqin kritik həddə çatmasıdır. Belə vəziyyətdə yüksək təzyiq qan dövranını dayandıraraq toxumaların ölümünə və nəticədə üzvün itirilməsinə (amputasiyaya) səbəb ola bilər.

İdmançı başına gələnləri belə təsvir edib: “Bədəninizin bir nahiyəsi o qədər ağır travma alır ki, yığılıb qalan qan hər şeyi içəridən əzməyə başlayır. Əgər vaxtında müdaxilə olunmasaydı, sol ayağımı amputasiya etməli olacaqdılar.” Vonn onu dərhal əməliyyat edən ortoped-cərrah Tom Hakketə minnətdarlığını bildirib. Həkimin həyata keçirdiyi təcili fasiotomiya (təzyiqi azaltmaq üçün əzələ qişasının kəsilməsi) əməliyyatı sayəsində Vonnun ayağını xilas etmək mümkün olub. Qeyd edək ki, 41 yaşlı Lindsi Vonn bu Olimpiadaya böyük fasilədən sonra qayıtmışdı. Yarışın cəmi 13-cü saniyəsində baş verən bu qəza həm azarkeşləri, həm də idman ictimaiyyətini kədərləndirib. Hazırda Vonn reabilitasiya dövrünü keçir və həkimlərin nəzarəti altındadır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights