İnformasiya Azadlığı” Müzakirə Edilib: Ombudsman Aparatından Maarifləndirmə Təşəbbüsü

Şirvan şəhərində demokratik cəmiyyətin əsas sütunlarından biri olan “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda genişmiqyaslı maarifləndirmə tədbiri keçirilib. Ombudsman Aparatının təşəbbüsü ilə baş tutan görüşdə dövlət qurumlarının vəzifələri və vətəndaşların hüquqları diqqət mərkəzində olub.

ELAZ.İNFO xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalova və müxtəlif dövlət müəssisələrinin rəhbərləri iştirak ediblər. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva tədbiri açaraq bildirib ki, informasiya əldə etmək hüququnun təmin olunması cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasında həlledici rol oynayır.

Ombudsman Aparatının rəsmisi Lamiyə Zeynalova və digər əməkdaşlar tərəfindən təqdim olunan hesabatlarda bir neçə vacib məqam vurğulanıb: İnformasiya sahibləri (dövlət orqanları, bələdiyyələr, publik hüquqi şəxslər) qanundan irəli gələn vəzifələrini necə icra etməlidir. Ombudsmanın informasiya hüququnun pozulması ilə bağlı protokol tərtib etmək və intizam tədbirləri görmək səlahiyyətləri. Vətəndaşların sorğularının vaxtında və dolğun cavablandırılması prosedurları. Dövlət qurumlarının rəsmi internet səhifələrinin və informasiya resurslarının mütəmadi təhlili.

Tədbir iştirakçılarına həmçinin informasiya azadlığının tarixi inkişafı və bu sahədəki beynəlxalq sazişlər barədə ətraflı məlumat verilib. Yekunda mövzuya dair videoçarx nümayiş etdirilib və məmurları maraqlandıran suallar cavablandırılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights