Bessentin etiraflarından 20 gündən çox vaxt keçib

ELAZ.İNFO

İranda etirazlar zamanı bütün “azad” və “demokratik” Qərb mətbuatı bar-bar bağırırdı ki, hökumət səriştəsizdir, ölkəni iqtisadi böhrana aparır, maliyyə sabitliyini təmin edə bilmir, buna görə də əhali “dinc” etirazlara qalxıb.

Aydın idi ki, maliyyə böhranını elə ABŞ yaratmışdı, lakin “azad” və “demokratik” mətbuat bunu bilmədiyini bəhanə gətirə bilərdi.

ABŞ-ın maliyyə naziri Skot Bessent yanvarın 20-də Davos forumunda çıxışında, fevralın 6-da isə Senat dinləmələrində fəxrlə bəyan etdi ki, İran valyutası onun planı əsasında ölkədə iğtişaşlar yaraqmaq məqsədilə çökdürülmüşdü.

Noyabrda Bessent İranla ticarət əlaqələrində olan bütün ölkələrə göstəriş vermişdi ki, İranla dollarla ticarət aparmasınlar. Nəticədə qısa müddət ərzində İranda dollar çatışmazlığı yarandı. Rialın kursunun düşəcəyindən qorxan insanlar dərhal banklardan əmanətlərini götürməyə başladılar. Əsas banklardan biri müflis oldu. Əmanəti ölməsin deyə hamı pulunu maddi dəyərə və ya dollara çevirməyə can atırdı. Nəticədə onsuz da çatışmayan dollara ajiotaj tələbat yarandı. Banklardan əmanətlər götürüldüyünə görə Mərkəzi bank əlavə pul çap etməyə məcbur oldu… və rialın dollara nəzərən kursu kəskin düşdü.

Yeri gəlmişkən, Bessent belə əməliyyatlarda təcrübəli şəxsdir. O, 1991-2000-ci illərdə Soros Fondunun (Soros Fund Management) Britaniya bölməsinin rəhbəri vəzifəsində çalışıb. Soros Britaniya funtunun çökdürülməsi əməliyyatını məhz onun dövründə həyata keçirtmişdi. Yəni Britaniya hökuməti bir Fondun maliyyə təxribatı qarşısında aciz qalmışdısa, İran kimi onillərlə maliyyə-iqtisadi blokadada olan dövlətin hökumətinin Fondun yox, ABŞ kimi dövlətin maliyyə təxribatı qarşısında aciz qalması başadüşüləndir.

Bessentin etiraflarından 20 gündən çox vaxt keçib. Həmin “azad” və “demokratik” mətbuatdan hansı səhv etdiyini bəyan edib, hansı İran hökumətini günahlandırdığına görə üzr istəyib, hansı ABŞ hökumətini suveren ölkəyə qarşı maliyyə təxribatı apardığına, iğtişaşlara qaldırdığı adamların ölümünə görə qınayıb?

Mətbuatın (təbliğatın desək daha doğru olar) işi elə qurulub ki, bu gün 5 gün əvvəl yazdıqlarının tam əksini yaza bilər və əvvəl bilərəkdən yazdığı yalanlara görə heç bir məsuliyyət daşımaz, çünki informasiya təzyiqi altında az adam 5 gün əvvəl yazılanları xatırlayır.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights