ELAZ.İNFO xəbər verir ki, fevralın 13-nə keçən gecə Rusiya Federasiyasının Volqoqrad vilayəti pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Vilayət qubernatoru Andrey Boçarovun verdiyi məlumata görə, hücum nəticəsində 3 nəfər xəsarət alıb.
Zərbələr nəticəsində Volqoqrad şəhərində və ətraf rayonlarda fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Qubernatorun sözlərinə görə, PUA qalıqları bir neçə sənaye müəssisəsinin ərazisinə də düşüb. Sredneaxtubinski rayonu: Yamı xutorunda çoxuşaqlı ailənin evi ciddi şəkildə zədələnib, 12 yaşlı oğlan uşağı xəstəxanaya yerləşdirilib. Krasnoarmeyski rayonu: 18 yaşlı yeniyetmə və bir qadın xəsarət alaraq hospitalizasiya olunub. Yaralıların həyatı üçün təhlükə olmadığı bildirilir.
Hücum zamanı yaşayış binalarının yaxınlığına düşən aparatlar avtomobillərə zərər vurub, mənzillərin şüşələrini sındırıb. Hazırda hadisə yerində operativ xidmətlər çalışır və dəyən ziyanın miqyası dəqiqləşdirilir. Sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə 102 saylı məktəbin ərazisində müvəqqəti yerləşdirmə məntəqəsi açılıb. Qubernator bütün aidiyyəti qurumlara nəticələrin aradan qaldırılması və zərərçəkənlərə kömək edilməsi barədə tapşırıq verib.
Ruslan MƏMMƏDOV