Əli Kərimlinin həbs müddəti uzadıldı

ElAZ.İNFO xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb. Hakim rəhbərliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin edərək, Əli Kərimlinin həbs müddətini daha 4 ay artırıb.

Xatırladaq ki, AXCP lideri 2025-ci il noyabrın 29-da hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. O vaxtdan bəri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. İstintaq orqanı həbs müddətinin uzadılmasını iş üzrə əlavə istintaq hərəkətlərinin aparılması, şahidlərin dindirilməsi və müəyyən ekspertiza rəylərinin alınması zərurəti ilə əsaslandırıb. Əli Kərimli və vəkilləri irəli sürülən ittihamların siyasi motivli olduğunu, hüquqi əsasının olmadığını bildirərək həbs müddətinin uzadılmasına etiraz ediblər. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəklərini bəyan edib.

Əli Kərimlinin həbsi həm yerli, həm də beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olmaqda davam edir. Müxalifət düşərgəsi bu addımı siyasi fəaliyyətin məhdudlaşdırılması kimi qiymətləndirərkən, rəsmi dairələr məsələnin sırf hüquqi müstəvidə olduğunu və istintaqın davam etdiyini vurğulayır.

Hələlik cinayət işinin təfərrüatları ilə bağlı rəsmi qurumlardan geniş açıqlama verilməsə də, bu qərar yaxın aylarda məhkəmə prosesinin başlanacağına işarə edir.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights