ElAZ.İNFO xəbər verir ki, Milli Məclisin deputatı olan Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli rayonuna etdiyi son səfəri zamanı rastlaşdığı mənzərə ilə bağlı sərt bəyanatla çıxış edib. Millət vəkili yerlərdə vətəndaşların üzləşdiyi məmur özbaşınalığını, rüşvət faktorunu və həllini tapmayan problemləri kəskin tənqid edib.
İmişlinin kəndlərində və rayon mərkəzində seçicilərlə görüşən deputat, insanların eyni dərdlərlə baş-başa qaldığını vurğulayıb. Razi Nurullayev bəzi vəzifəli şəxslərin fəaliyyətsizliyindən hiddətləndiyini gizlətməyib:
İmişlidə evləri ziyarət etdim, yas məclislərində oldum, yüzlərlə insanla görüşdüm. Hamı problem içindədir. Təəssüf ki, bu şikayətlər aydan-aya, ildən-ilə keçir, çünki heç kim onları həll etmək üçün real addım atmır. Niyə bu ölkədə hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmir?
MCP başqanı dövlət qurumlarındakı bürokratik maneələrə və rüşvət hallarına toxunaraq, məmurlar üçün ciddi hesabatlılıq sisteminin vacibliyini qeyd edib. O bildirib ki, vəzifəli şəxslər vətəndaşın problemini həll etmək üçün gözünü onun cibinə dikməməlidir. Deputatın təklifinə görə, hər bir vəzifəli şəxs aylıq hesabat verməli, nə qədər şikayətin real həllini tapdığı şəffaf şəkildə açıqlanmalıdır.
Razi Nurullayev həmçinin qohumbazlıq və yerlibazlıq amillərinin dövlətçiliyə zərbə vurduğunu qeyd edib. O, vəzifəyə gələn kimi ətrafına yaxınlarını toplayan və dövlətin islahat kursunu sabotaj edən şəxslərin dərhal uzaqlaşdırılmasını, hətta barələrində cinayət işinin açılmasını tələb edib:
Ölkə Prezidentinin şəffaflıq naminə ortaya qoyduğu siyasi iradə hər kəs üçün nümunə olmalıdır. Saman altdan su yeridənləri, dövlətin siyasətinə kölgə salanları bir qədər ifşa etməliyik. Bu ölkəni natəmiz elementlərdən təmizləmək üçün milli birlik nümayiş etdirməliyik.
Çıxışının sonunda deputat vətəndaşları haqsızlıqlara qarşı susmamağa və gördükləri qanunsuzluqları ictimailəşdirməyə çağırıb.
Ruslan MƏMMƏDOV