Qərb kəşfiyyatı İranda nüvə silahı izi tapmadı

ELAZ.İNFO xəbər verir ki, Qərb xüsusi xidmət orqanları Tehranın uranı silah səviyyəsinə qədər zənginləşdirməsi və ya nüvə başlığı hazırlaması barədə heç bir sübut əldə etməyib. Bu barədə “The New York Times” qəzeti kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, ABŞ kəşfiyyat agentlikləri İranın bomba hazırlamaq üçün yararlı olan yüksək səviyyəli zənginləşdirmə fəaliyyəti apardığını müşahidə etməyib. Bildirilir ki, 2025-ci ilin iyununda zərbələrə məruz qalan üç obyektdə basdırılmış zənginləşdirilmiş uran olduğu kimi qalır və toxunulmazdır.

ABŞ-ın qiymətləndirmələrinə görə, İranda yeni nüvə obyektləri tikilməyib, lakin Nətənz və İsfahandakı iki tamamlanmamış meydançada hərəkətlilik müşahidə olunub. İsrail və ABŞ kəşfiyyatı iddia edir ki, 2025-ci il hərbi əməliyyatları İranın nüvə layihəsini 6 aydan 1 ilə qədər geriyə atıb. Xüsusilə, Fordo obyektindəki sentrifuqaların hələ də işlək vəziyyətdə olmadığı vurğulanır.

Maraqlıdır ki, Pentaqonun rəsmi qiymətləndirmələri ABŞ Prezidenti Donald Trampın ictimai bəyanatları ilə qismən ziddiyyət təşkil edir. Tramp İranın nüvə potensialının tamamilə məhv edildiyini bildirsə də, milli təhlükəsizlik strategiyasında bu, yalnız “əhəmiyyətli dərəcədə zəiflədilmə” kimi qeyd olunub.

Xatırladaq ki, 2025-ci il iyunun 22-nə keçən gecə ABŞ-ın B-2 Spirit strateji bombardmançı təyyarələri İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinə qarşı GBU-57 bunker əleyhinə bombalardan istifadə etməklə hücum həyata keçirmişdi.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights