Hava limanı 66,1 milyard-a satıldı

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın ən böyük hava limanlarından biri olan “Domodedovo”nun satışına dair hərrac başa çatıb. “Şeremetyevo” hava limanının strukturu olan “Perspektiva” MMC 66,1 milyard rubl təklif edərək hərracın qalibi seçilib.

Satış prosesi PSB Bankın təşkilatçılığı ilə Hollandiya hərracı formatında (qiymət azaldılması yolu ilə) keçirilib. İlkin qiymət 132,3 milyard rubl müəyyən edilsə də, yekun sövdələşmə bu məbləğin təxminən yarısına baş tutub. Hərraca 5 müraciət daxil olsa da, yalnız 2 iştirakçı buraxılıb. “Vnukovo” hava limanı 66 milyard rubl təklif etsə də, “Şeremetyevo” daha çevik tərpənərək üstünlük qazanıb. Alıcı ilə müqavilə 5 iş günü ərzində imzalanacaq.

Rusiya Nəqliyyat Nazirliyi satışın nəticələrindən razı qaldığını bildirib. Nazirlik rəsmiləri “Domodedovo”nun ciddi borc yükü altında olduğunu və böyük investisiyalar tələb etdiyini vurğulayıblar. Yeni sahibkarın infrastruktur problemlərini həll edəcəyinə ümid ifadə olunub.

Şeremetyevo hava limanının baş direktoru Mixail Vasilenko bildirib ki, alış üçün kənar kreditlərə müraciət olunmayıb və daxili vəsaitlərdən istifadə edilib. O, həmçinin “Domodedovo” işçilərinə müraciət edərək iş yerlərinin və əmək haqlarının qorunacağına dair tam zəmanət verib.

Rusiya maliyyə naziri Anton Siluanov isə bu sövdələşmənin “Şeremetyevo”ya genişlənmək üçün güclü baza yaradacağını qeyd edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights