29 yanvar UNEC rektoru, professor Ədalət Muradovun doğum günüdür. Universitetin nəzdində fəaliyyət göstərən İctimai Şuranın üzvləri adından hörmətli Ədalət müəllimi səmimi qəlbdən təbrik edirik. İctimai Şuranın ağsaqqal üzvü, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun UNEC və onun rektoru haqqında söylədiyi fikirlər heç zaman aktuallığını itirməyəcək. Müdrik şəxsiyyətlərin fikirləri daim yaşıyır. Şahlar müəllimi hər zaman həqiqətin keçikçisi kimi tanımışıq: “UNEC indi dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir: Son illərdə UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir. Rektor Ədalət Muradov UNEC-i tədqiqat universitetinə çevirmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib. UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub. Mən əminəm ki, UNEC daha tez bir müddətdə hədəfinə çatacaq və dünyanın ən yaxşı 500 universitetindən biri olacaq. Bu universitet müasir idarəetmə sisteminə sahibdir. Ədalət müəllim Azərbaycan təhsilində gələcəyin universiteti modelini hazırlayır. Belə desək, XXI əsrin universitetini qurur. UNEC-in fəaliyyətini yüksək dəyərləndirirəm. UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir. UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bu kimi bir sıra beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da sıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in fəxri doktoru olması və onların Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif istiqamətlər üzrə mühazirələr aparması da bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə nüfuzunun artmasını bir daha təsdiq edir”.
Bu dəyərli sözlərə görə müəllimim Şahlar Əsgərova təşəkkür edirəm.
Etibar Əliyev