Zülal qəbulunun ikiqat artırılması tövsiyə edilir

ABŞ-ın səhiyyə rəsmiləri onilliklərdir davam edən qidalanma standartlarını dəyişərək, rəsmi pəhriz təlimatlarında zülal (protein) qəbuluna üstünlük verilməsini tələb ediblər. Yeni qaydalar cəmiyyətdə və ekspertlər arasında böyük mübahisələrə səbəb olub.

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın yeni federal pəhriz təlimatlarında amerikalılara hər payda “zülallı qidalara üstünlük vermək” və gündəlik qəbulu əvvəlki tövsiyələrlə müqayisədə iki dəfə artırmaq məsləhət görülür. Səhiyyə naziri Robert Kennedi (kiçik) sosial şəbəkə hesabında bu addımı “zülallara qarşı müharibənin sonu” kimi qiymətləndirib. Yeni qida piramidası əsasən qırmızı ət, tam yağlı süd və digər heyvan mənşəli zülal mənbələrinə söykənir.

Lakin tanınmış qidalanma ekspertləri bu addımı ehtiyatla qarşılayıblar. Mütəxəssislər xəbərdarlıq edirlər ki, amerikalıların əksəriyyəti onsuz da ehtiyac duyduqlarından çox zülal istehlak edirlər. Tufts Universitetinin eksperti Dariuş Mozaffarian bildirib ki, kəskin şəkildə artırılan zülal qəbulu əzələ kütləsi artırmayan insanlarda piylənmə və diabet riskini artıra bilər. Onun sözlərinə görə, yalnız aktiv idmanla məşğul olanlar üçün bu artım faydalı ola bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights