ELAZ.İNFO xarici rəsmi mənbələrə və beynəlxalq xəbər agentliklərinə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabul yenidən qan gölünə dönüb. Bazar ertəsi günü şəhərin mərkəzindəki “Şəhri-Nov” (Shahr-e-Naw) bölgəsində, gülləri ilə məşhur olan küçədə yerləşən Çin restoranında baş verən dəhşətli partlayış ən azı 7 nəfərin həyatına son qoyub.
Kabul polisinin sözçüsü Xalid Zadranın verdiyi rəsmi məlumata görə, partlayış “Chinese Noodle” adlı restoranda, məhz mətbəxin yaxınlığında baş verib. Hücum nəticəsində restoranın sahibi, milliyyətcə Çinli müsəlman olan Əyyub və 6 Əfqanıstan vətəndaşı həlak olub. İtaliyanın “EMERGENCY” humanitar təşkilatı isə xəstəxanaya gətirilən 13 yaralı arasında 4 qadın və bir uşağın olduğunu bildirib. Şahidlər partlayışın o qədər güclü olduğunu deyirlər ki, ətrafdakı binaların pəncərələri darmadağın olub, ərazidə əsl panika yaşanıb.
İŞİD-dən ŞOK bəyanat: “Uyğur müsəlmanlarının qisası! “Terror aktına görə məsuliyyəti terrorçu İŞİD qruplaşması öz üzərinə götürüb. SITE Intelligence Group-un hesabatına görə, terrorçular bu hücumu kamikadze vasitəsilə həyata keçirdiklərini bəyan ediblər. İŞİD öz bəyanatında bu qanlı aktı “Çin hökumətinin Uyğur müsəlmanlarına qarşı törətdiyi cinayətlərin qisası” kimi qiymətləndirib və Çin vətəndaşlarının onların xüsusi hədəf siyahısında olduğunu açıq şəkildə elan edib.
Qeyd edək ki, 2021-ci ildə hakimiyyəti ələ keçirən Taliban hökuməti xarici investorları cəlb etmək üçün ölkədə tam təhlükəsizlik vəd etsə də, bu hadisə vədlərin havada qaldığını göstərir. Xüsusilə 2022-ci ildə Çinli qonaqların qaldığı otelə edilən hücumdan sonra bu, ikinci böyük zərbədir. Çin hazırda Talibanla sıx əlaqələri olan və Əfqanıstanın təbii sərvətlərinə maraq göstərən nadir ölkələrdən biridir. Lakin bu hücum göstərir ki, İŞİD-in kölgəsi bu iqtisadi planların üzərindən əskik olmayacaq.