Azərbaycandan Rusiyaya səfərlər fonunda deputatlara fərqli yanaşmalar son dövrün diqqətçəkən siyasi mövzularından birinə çevrilib. Bir neçə ay öncə Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması Bakının narazılığına səbəb olmuşdu.
Dekabrın 2-si azərbaycanlı deputatların Rusiyaya növbəti səfəri baş tutub. Belə ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Razi Nurullayev və Eyvaz Qurbanov Moskva və Sankt-Peterburqda MDB formatında keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər.
Son səfər, xüsusilə də Badamov hadisəsindən sonra, Rusiya tərəfindən azərbaycanlı deputatlara münasibətin dəyişib-dəyişməməsi ilə bağlı suallar doğururdu.
ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Modern.az-a açıqlamasında, Rusiya səfərini müsbət qiymətləndirib.
“Bir məsələni xüsusi vurğulamaq istəyirəm: Azərbaycan-Rusiya münasibətləri son dövrlərdə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və davamlı dialoqa əsaslanır. İki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Biz parlament nümayəndələri olaraq dövlətimizin apardığı kursa, ölkəmizin və xalqımızın maraqlarına uyğun şəkildə fəaliyyət göstəririk” –deyə partiya sədri bildirib.
Ruslan MƏMMƏDOV