Oktyabr belə başlayır: Temperatur 8 dərəcəyədək düşəcək, dağlara qar yağacaq

01.10.2026

ELAZ.İNFO xəbər verir ki, yaydan qalma mülayim hava artıq geridə qalır. Oktyabrın ilk günlərində Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun bir neçə dərəcə aşağı düşəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 1-dən 5-dək ölkənin müxtəlif bölgələrində fasilələrlə yağış yağacaq. Bəzi ərazilərdə yağıntının leysan xarakterli, intensiv və güclü olacağı gözlənilir. Şimşək və dolu ehtimalı da var.

Naxçıvan, Qarabağ, Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvanın bəzi rayonlarında hava daha çox dəyişəcək.

Yüksək dağlıq ərazilərdə yağıntının qara keçəcəyi bildirilir. Yağışların təsiri ilə Böyük və Kiçik Qafqaz, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarında sululuğun artması, ayrı-ayrı çaylardan qısamüddətli sel və daşqın keçməsi ehtimal olunur.

Ən diqqətçəkən dəyişiklik isə temperaturda olacaq. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

Oktyabrın ilk günləri ilə birlikdə payız özünü daha aydın şəkildə göstərəcək.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁12
Teqlər: