Şah İsmayıl Xətai ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
ELAZ.İNFO xəbər verir ki, bu dəfə məsələ ilə bağlı tanınmış jurnalist və aparıcı Ləman Ələşrəfqızının ünvanına səsləndirilən tənqidi fikirlər diqqət çəkib.
Mövzuya münasibət bildirən jurnalist Afət Telmanqızı özünün sosial şəbəkə hesabında yazıb ki, Şah İsmayıl Xətai məsələsi yeni müzakirə deyil. Onun sözlərinə görə, illər əvvəl ANS telekanalında aparıcısı olduğu “Açıq söhbət” verilişində də bu mövzu geniş şəkildə müzakirə olunub.
Jurnalist bildirib ki, həmin verilişdə deputat Fazil Mustafa tarixçi alim, mərhum Dilavər Əzimli ilə debat aparıb.
O, həmin proqramın böyük marağa səbəb olduğunu və kifayət qədər izlənildiyini qeyd etsə də, bu dəfə diqqətini verilişin özünə deyil, Ləman Ələşrəfqızının ünvanına yönəldilən fikirlərə çevirib.
“Bu gün mövzu həmin mövzudur, danışan həmin adam. Amma hədəf götürülən illərdir yol gəldiyim, bacı qədər xətrini istədiyim, insan kimi insan, peşəkar kimi peşəkar Ləman Ələşrəfqızıdır”, – deyə o bildirib.
Afət Telmanqızı vurğulayıb ki, onu tanıyanlar bilir ki, o heç vaxt haqqı nahaqqa vermir.
“Gözümün işığı olsa belə”, – deyə o, öz mövqeyini ifadə edib.
Afət Telmanqızı Ləman Ələşrəfqızının əməkdar jurnalist olduğunu və onun ünvanına “savadsız” ifadəsinin işlədilməsini düzgün hesab etmədiyini bildirib.
“Jurnalistin işi mövzunun müzakirəsini açmaqdır. Araşdırma aparmaqdır. Əgər məsələ ilə bağlı bir tərəfin mövqeyi fərqlidirsə, onun üstünə yürümək yox, meydana çıxıb öz mövqeyini də göstərmək daha sivil olar”, – deyə jurnalist qeyd edib.
Müəllifin fikrincə, jurnalistin hər hansı mövzunu müzakirəyə çıxarması həmin məsələ ilə bağlı bütün fikirləri bölüşməsi anlamına gəlmir. Əsas vəzifə müxtəlif mövqeləri gündəmə gətirmək, suallar vermək və cəmiyyətdə müzakirə yaratmaqdır.
Qeyd edək ki, Şah İsmayıl Xətai ilə bağlı tarixi və siyasi müzakirələr uzun illərdir Azərbaycan ictimaiyyətində müxtəlif fikirlərin səslənməsinə səbəb olur.
İlahə BAYINDIR


