Zəngilan və Laçında uşaq əməyinin istismarı və onunla mübarizə yollarına dair maarifləndirici təlimlər keçirilib

25.07.2025

Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İctimai Birliyinin sədri İradə Poladın (Nəsirova) rəhbərliyi ilə uşaq hüquqlarının müdafiəsi, uşaq əməyinin istismarının qarşısının alınması və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

ELAZ.İNFO xəbər verir ki, 24 iyul 2025-ci il tarixində Zəngilan rayonunda, 25 iyul 2025-ci il tarixində isə Laçın rayonunda polis əməkdaşları üçün “Uşaq əməyinin istismarı və onunla mübarizə yolları” mövzusunda maarifləndirici təlimlər təşkil olunub.

Təlimlərin əsas məqsədi uşaq əməyinin istismarının mahiyyəti, onun uşaqların fiziki, psixoloji və sosial inkişafına mənfi təsirləri, bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması yolları barədə polis əməkdaşlarının məlumatlılığını artırmaq, eyni zamanda uşaq hüquqlarının müdafiəsi sahəsində onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub.

Maarifləndirici görüşlərdə ümumilikdə 25 nəfər polis əməkdaşı iştirak edib. Təlimlər zamanı uşaq əməyinin istismarına səbəb olan amillər, uşaqların hüquqlarının pozulması halları, erkən yaşlarda əmək fəaliyyətinə cəlb olunmanın yaratdığı təhlükələr, belə halların müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Xüsusilə vurğulanıb ki, uşaqların sağlam, təhlükəsiz və hərtərəfli inkişafı üçün onların hüquqlarının qorunması cəmiyyətin hər bir üzvünün, aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının üzərinə düşən mühüm vəzifələrdəndir. Uşaqların istismarın istənilən formasından qorunması, onların təhsil almaq, istirahət etmək, sağlam böyümək və öz potensiallarını reallaşdırmaq hüquqlarının təmin edilməsi xüsusi diqqət tələb edir.

Təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Polis əməkdaşları mövzu ətrafında fəal müzakirələr apararaq öz fikir və təkliflərini səsləndiriblər. Çıxışlar zamanı uşaq əməyinin istismarının qarşısının alınmasında maarifləndirmə tədbirlərinin davamlı və sistemli şəkildə həyata keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

İştirakçılar tərəfindən irəli sürülən təkliflər arasında bu cür maarifləndirici təlimlərin gələcəkdə orta ümumtəhsil məktəblərində də keçirilməsi, yeniyetmə və gənclərlə fərdi görüşlərin təşkil edilməsi, onların uşaq hüquqları, əmək hüquqları və istismarın mümkün formaları barədə məlumatlandırılması xüsusi yer tutub. Həmçinin uşaqların və valideynlərin bu istiqamətdə maarifləndirilməsinin, riskli halların erkən müəyyənləşdirilməsi üçün müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Təlimlər zamanı bir daha aydın olub ki, uşaq əməyinin istismarı ilə mübarizə yalnız hüquqi və inzibati tədbirlərlə məhdudlaşmamalı, bu istiqamətdə geniş ictimai maarifləndirmə, profilaktik iş və qarşılıqlı əməkdaşlıq da gücləndirilməlidir. Xüsusilə yeniyetmələrlə birbaşa ünsiyyətin qurulması, onların hüquqlarını tanımaları və hər hansı istismar halı ilə qarşılaşdıqda hara və necə müraciət etməli olduqları barədə məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İctimai Birliyi uşaq hüquqlarının qorunması, qadınların və uşaqların hüquqi maarifləndirilməsi, zorakılıq və istismarın qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir.

Zəngilan və Laçın rayonlarında keçirilən bu təlimlər də uşaq hüquqlarının müdafiəsi sahəsində məlumatlılığın artırılması, polis əməkdaşlarının bu istiqamətdə maarifləndirilməsi və gələcəkdə daha geniş auditoriyanı əhatə edən tədbirlərin təşkili baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Əsas məqsədimiz uşaqların hüquqlarının qorunduğu, istismardan uzaq, təhlükəsiz və sağlam mühitdə böyüdüyü bir cəmiyyətin formalaşmasına töhfə verməkdir.

elaz.info

👁 140