Cizgi filmləri psixoloji sağlamlıq üçün faydalıdır

ELAZ.İNFO xəbər verir ki, “Soyuzmultfilm” kinostudiyası və “Stoliçki” apteklər şəbəkəsinin birgə keçirdiyi sorğu nəticəsində maraqlı faktlar üzə çıxıb. Araşdırmaya görə, respondentlərin böyük əksəriyyəti cizgi filmlərini ailəvi asudə vaxtın mühüm tərkib hissəsi və emosional vəziyyətə müsbət təsir edən vasitə kimi görür.

Sorğunun nəticələrinə əsasən, iştirakçıların 91%-i cizgi filmlərinin sağlamlıq üçün faydalı olduğunu bildirib. Eyni zamanda, rəyi soruşulanların 71%-i “Prostokvaşino”nu ən yaxşı ailəvi cizgi serialı adlandırıb. Respondentlərin 75%-i yerli multiplikasiyanı uşaqlıqdan bəri sevdiyini qeyd edib. 60%-dən çoxu cizgi filmlərini övladları, nəvələri və ya digər ailə üzvləri ilə birlikdə izləyir.

Həkim-psixoterapevt İrina Kraşkinanın sözlərinə görə, cizgi filmlərindəki pozitiv süjetlər və uşaqlıqla bağlı assosiasiyalar insanda rahatlıq və təhlükəsizlik hissi yaradır, həmçinin optimistik emosional fon formalaşdırır. Bu növ ekran əsərlərinin birgə izlənilməsi ailədaxili bağların güclənməsinə də xidmət edir.

Mövzuya olan marağı nəzərə alaraq, bəzi bölgələrdə sosial təşəbbüslər də həyata keçirilir. Məsələn, Nijni Novqorodda metro vaqonlarından biri məhz “Prostokvaşino” qəhrəmanlarının obrazları ilə bəzədilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights