ELAZ.İNFO xəbər verir ki, Nepalda baş verən və ağır nəticələrə səbəb olan təbii fəlakətlə bağlı ilk məlumatlarda hadisənin zəlzələ olduğu bildirilsə də, sonrakı araşdırmalar bunun fərqli təbiət hadisəsi olduğunu göstərib.
Avqustun 26-da bölgədə 4,4 maqnitudalı zəlzələ baş verdiyi barədə məlumat yayılsa da, ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə əsasən, ərazidə qeydə alınan əsas seysmik siqnalın səbəbi zəlzələ deyil, yüksək dağlıq ərazidə baş verən buzlaq və süxur kütləsinin çökməsi olub. Bu hadisə təxminən 5,2 maqnitudalı seysmik təsir yaradıb.
Nəhəng buz və qaya kütləsinin dağ yamacından qoparaq vadidə hərəkət etməsi çay yatağına böyük həcmdə materialın dolmasına səbəb olub. Ardınca su, palçıq, buz və qaya parçalarından ibarət güclü axın yaranaraq Nepal–Tibet sərhədində yerləşən ərazilərə doğru hərəkət edib.
Qəfil sel yaşayış məntəqələrinə, avtomobil yollarına, körpülərə və digər infrastruktura ciddi ziyan vurub. Xüsusilə Nepalın Rasuva bölgəsi və Tibetdəki Gyirong ətrafı ağır zərər görüb.
Fəlakətin miqyası ilə bağlı rəqəmlər isə axtarış-xilasetmə işləri davam etdikcə dəyişir. Son məlumatlarda Nepal və Tibet ərazisində 160-dan çox insanın öldüyü, yüzlərlə, hətta min nəfərdən çox şəxsin itkin olduğu bildirilir. Nepalda itkinlərin arasında çox sayda turist və xarici vətəndaşın olduğu açıqlanıb.
Hazırda xilasedicilər dağlıq ərazilərdə axtarışları davam etdirir. Dağılan yollar, körpülər və çətin relyef əməliyyatların aparılmasını çətinləşdirir. Bölgədə əlavə sürüşmə və sel təhlükəsi də nəzərə alınaraq təhlükəsizlik tədbirləri davam etdirilir.
İlahə BAYINDIR


