ELAZ.İNFO xəbər verir ki, Nepal və Çinin Tibet bölgəsində baş verən güclü daşqınlar nəticəsində ölənlərin və itkin düşənlərin sayı artır. Rəsmi məlumatlara görə, Nepal və Tibet ərazisində ümumilikdə 1 500-ə yaxın insanın itkin düşdüyü, onların arasında ən azı 800 əcnəbinin olduğu bildirilir.
Hadisə Himalay dağlarının Nepal-Çin sərhədinə yaxın ərazilərində baş verib. İlkin məlumatlara əsasən, dağlıq ərazidə buz, qaya və torpaq kütləsinin çaya doğru hərəkət etməsi nəticəsində güclü sel yaranıb. Sel suları yaşayış məntəqələrinə, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan vurub.
Nepalın turizm rəsmilərinin məlumatına görə, itkinlər arasında çox sayda xarici turist və zəvvar da var. Onların bir hissəsinin Tibetdə yerləşən Kailash Mansarovar istiqamətində səfərdə olduğu bildirilir. Müxtəlif ölkələrin vətəndaşlarının itkin düşməsi ilə bağlı diplomatik nümayəndəliklər və yerli qurumlar məlumatları dəqiqləşdirirlər.
Daşqın nəticəsində çox sayda yaşayış evi və nəqliyyat vasitəsi sel sularının altında qalıb, bəzi yollar və körpülər dağılıb. Fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir. Nepal ordusu və digər xilasedici qruplar itkinlərin axtarışına cəlb olunub, çətin dağlıq relyef və hava şəraiti isə işləri mürəkkəbləşdirir.
Məlumatlara əsasən, Nepal ərazisində 165 nəfərin meyiti aşkarlanıb, Tibet tərəfdə isə ölənlər barədə ayrıca məlumatlar açıqlanıb. Xilasetmə qrupları həm sağ qalanların təxliyəsini, həm də itkin şəxslərin müəyyənləşdirilməsini davam etdirir.
Hadisənin miqyası və itkinlərin dəqiq sayı ilə bağlı məlumatların yenilənməsi gözlənilir. Yerli və xarici qurumlar fəlakət bölgəsində vəziyyəti qiymətləndirir və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün axtarış tədbirlərini davam etdirirlər.
İlahə BAYINDIR


