Tehran şərtlərini qəbul etdirir?

“ABŞ-İran qarşıdurmasında pərdəarxası gedişlər: Tehran şərtlərini qəbul etdirir?”

ELAZ.İNFO xəbər verir ki, son günlər ABŞ rəsmilərinin İrana qarşı sərt bəyanatları artıb. Donald Tramp, Skott Bessent və Pit Heqset Tehran üzərində təzyiqin gücləndiriləcəyini açıqlayırlar. Bununla yanaşı, İranla bağlı diplomatik və iqtisadi proseslərdə fərqli mənzərə müşahidə olunur.

Avqustun 11 və 12-də BƏƏ hökumətinə məxsus, Royal Jet tərəfindən istismar edilən Boeing 737-700 VIP təyyarəsinin Tehrana və Kərəcə uçuşları diqqət çəkib. İddialara görə, həmin reyslərlə İrana ABŞ tərəfindən dondurulmuş aktivlərin bir hissəsi, o cümlədən bir neçə milyard dollar və 2 ton qızıl çatdırılıb.

Bu təyyarənin iyunun 8-də də Tehrana uçduğu və həmin səfər zamanı İrana təxminən 3 milyard dollar aparıldığı barədə məlumat yayılmışdı.

Rəsmi Əbu-Dabi, Tehran və Vaşinqton məsələ ilə bağlı açıqlama verməyib. Buna görə də aktivlərin qaytarılması ilə bağlı yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Mövcud proseslər göstərir ki, Vaşinqtonun İrana qarşı sərt ritorikası ilə yanaşı, diplomatik kanallar da işləyir. Qarşıdakı dövrdə əsas məsələlərdən biri Hörmüz boğazının açılması və bunun üçün tərəflərin hansı şərtlər üzərində razılaşacağı olacaq.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın