ELAZ.İNFO xəbər verir ki, “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində yekun ümumrayon konfransı keçirildi
Bu gün “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində rayonun icra hakimiyyəti və bələdiyyə rəhbərlərinin birgə iştirakı ilə yekun ümumrayon konfransı uğurla baş tutdu.
Konfrans layihənin icrası dövründə həyata keçirilən fəaliyyətlərin yekunlarının təqdim olunması, əldə edilən nəticələrin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə təşkil edildi.
Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi ekoloji maarifləndirmənin gücləndirilməsi, icmaların ətraf mühitin qorunmasına fəal cəlb olunması, ekoloji məsuliyyət hissinin artırılması və davamlı inkişaf prinsiplərinin təşviq edilməsidir.
Tədbirdə rayonun müxtəlif ərazilərini təmsil edən 35 nəfər icma rəhbəri və icma lideri iştirak etdi. Çıxışlar zamanı layihə çərçivəsində görülən işlər, həyata keçirilən maarifləndirmə tədbirləri, icmalarda formalaşan müsbət təcrübələr və əldə olunan uğurlu nəticələr iştirakçıların diqqətinə çatdırıldı. Eyni zamanda ekoloji problemlərin həllində dövlət qurumları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları və yerli icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulandı.
Konfrans iştirakçıları ətraf mühitin mühafizəsi, təbiətə məsuliyyətli yanaşmanın formalaşdırılması və ekoloji dəyərlərin gələcək nəsillərə aşılanmasının hər bir vətəndaşın ortaq məsuliyyəti olduğunu qeyd etdilər. Bildirildi ki, maarifləndirmə tədbirlərinin davamlı şəkildə həyata keçirilməsi sağlam və ekoloji cəhətdən təhlükəsiz gələcəyin təmin olunmasına mühüm töhfə verir.
Layihənin icrasında fəal iştirak edən bütün tərəfdaşlara, icma rəhbərlərinə, icma liderlərinə və tədbir iştirakçılarına təşəkkürümüzü bildirir, birgə səylərimizlə daha təmiz, daha yaşıl və daha davamlı gələcək naminə fəaliyyətimizi davam etdirəcəyimizi vurğulayırıq.
Sevinc Qasımova
















