Dünya Çempionatı 2026-nın qrup mərhələsinin ikinci turunda İran və Belçika yığmaları üz-üzə gəlib. İqlvud şəhərində keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
ELAZ.İNFO xəbər verir ki, bu nəticə ilə İran millisi pley-offa yüksəlmək şanslarını qoruyub saxlayıb. Oyunun əsas qəhrəmanı isə İran yığmasının qapıçısı Əlirza Beyranvənd olub, o, inamlı oyunu ilə rəqibin qol cəhdlərinin qarşısını alıb.
Tarixi rekord İran millisi bu matçla dünya çempionatları tarixinə düşüb. Belçika ilə oyuna çıxan heyət turnir tarixində ən yaşlı start heyəti kimi qeydə alınıb. Komandanın orta yaşı 32 il 181 gün təşkil edib.
Maraqlıdır ki, start heyətində 30 yaşından kiçik olan cəmi üç oyunçu yer alıb: müdafiəçi Saleh Hardani (27 yaş), yarımmüdafiəçi Səid Ezatullahi (29 yaş) və “Rostov”un hücumçusu Məhəmməd Mohebi (27 yaş).
Xatırladaq ki, bu rekord əvvəllər 1998-ci ildən bəri Almaniya yığmasına məxsus idi. Almanlar o dövrdə İranla matçda 31 il 334 günlük orta yaş göstəricisi ilə meydana çıxmışdılar.
ELAZ.İNFO
