At belində möhtəşəm görünən, qırmızı saqqalı və hərəkətli gözləri olan, son dərəcə çevik və qüdrətli bir türkdür Şah – Vatikan kitabxanaçısı Cesare Baronio
Bu dəfə sizlərə çox maraqlı bir kitab təqdim edirəm. Onun müəllifi XVI əsrin axırları və XVII əsrin başlanğıcında Vatikanın kitabxanaçısı işləmiş, həm də dövrünün ən tanınmış kilsə tarixçilərindən biri sayılan Cesare Baroniodu. Kitabın adı “Kilsə salnamələri”dir və bu təqdim etdiyim 1877-ci ilin Paris nəşrdir.
Kitabda ən çox diqqətimi çəkən hissə 1500–1514-cü illərə aid dünya hadisələrini təhlil etməsidir. Burada müəllif Səfəvi şahı İsmayıl haqqında xeyli ətraflı məlumat verib. Linkini də aşağıda qoyuram:
Vatikanın rəsmi tarixçisi və arxivlərin qoruyucusu kimi Baroni əldə etdiyi gizli hesabatlar və elçi qeydlərinə əsaslanaraq Şah İsmayılın kimliyini, Azərbaycanın oynadığı rolu və bu yeni dövlətin türk mahiyyətini olduqca geniş şəkildə qələmə alır.
Baroninin əsərində Vatikana göndərilən hesabatlar və elçi məktubları transkripsiya olunarkən Azərbaycan adı daha çox tələffüzə uyğun şəkildə latın hərfləriylə “Asserbeigan” və ya ona bənzər formalarda verilir.
Müəllif böyük hörmətlə Şah İsmayıldan “Şərqli möhtəşəm bir hökmdar”, nəslicə isə “Uzun Həsənin varisi” kimi bəhs edir. Onun hakimiyyətə gəlişini və hərbi qələbələrini təsvir edərkən vurğulayır ki, əsas güc türkmən tayfalarıdır. Baroni Şah İsmayılın babası Uzun Həsəni (Həsən Padşah) “Türkmənlərin Kralı” kimi təqdim edir, İsmayılı da bu sülalənin haqq vərəsəsi və bu türkmən tayfalarının rəhbəri kimi göstərir.
1501-ci ildə İsmayılın Təbrizə girməsi kitabda yeni bir dövrün başlanğıcı kimi qeyd olunur.
Müəllif yazır ki, Şah tərəfdarlarının qırmızı başlıqları sadəcə bir geyim deyil, Şah İsmayıla və onun türk köklərinə bağlılığın rəmzidir. Şahın ətrafındakı sadiq döyüşçüləri təsvir edərkən onların türk cəsarəti daşıyan tayfalar olduğunu xüsusilə vurğulayır. Baroni Qızılbaşlıq terminini izah edərkən bildirir ki, on iki çalma təkcə on iki imamı deyil, həm də “səmanın on iki bürcü” ilə müqayisə olunan bir ezoterik sistemi ifadə edir. O, bu hərəkatın daxili quruluşunun Avropadakı gizli cəngavər ordenlərindən daha qədim və daha sərt intizamlı olduğunu yazır.
Baroni qeyd edir ki, Şahdan gələn məktublar farsca (“Persicè”) və ya türkcə (“Turcicè”) gəlirdi, lakin Avropada bunlar dərhal latın və ya italyan dilinə tərcümə edilirdi. Şah İsmayılın elçiləri fikirlərini türkcə çatdırır, amma latın dilində sənədləşdirilirdi. Baroni arxiv sənədlərinə istinadən deyir ki, Şahın sarayında əsas ünsiyyət dili türkcədir.
Müəllif yazır ki, Şərqdə yeni bir “Sophi” sülaləsi meydana gəlib. Onların hərbi və siyasi gücü qədim türkmən ənənələrinə söykənir. Baroni vurğulayır ki, Şahın ordusu ilə Osmanlı sultanının ordusu eyni kökdən gəlir, eyni cəsarətə malikdir və ən əsası, bir-birləri ilə türk dilində danışırlar.
Baroni Azərbaycan coğrafiyasını Səfəvi imperiyasının vuran qəlbi kimi təsvir edir. O dövrdə Avropa mənbələrində bu ərazilər bəzən “Media” və ya “Atropatena” adlandırılsa da, hadisələrin mərkəzi kimi məhz bu torpaqlar göstərilir.
İki böyük türk gücünün – Səfəvi və Osmanlının – qarşıdurmasını təsvir edərkən Baroni qeyd edir ki, onlar eyni döyüş taktikasına, eyni cəsarətə və eyni etnik köklərə sahibdirlər, ancaq məzhəb fərqinə görə bir-birlərinə qarşı ən amansız düşmənə çevrilmişdirlər.
Müəllif Vatikana Şah İsmayılı belə təsvir edir:
“At belində möhtəşəm görünən, qırmızı saqqalı və hərəkətli gözləri olan, son dərəcə çevik və qüdrətli bir türkdür Şah”
.Zaur Əliyev
Prof.Dr
