Kaliforniyanın ilk milyonçusu

ELAZ.İNFO xəbər verir ki, 1848-ci ildə fəhlə Ceyms Marşall və fermer Con Satter su çarxının yanında kiçik qızıl qırıntıları aşkar edirlər. Onlar başa düşürlər ki, San-Fransiskodakı American- Riverin çayının sahilində çoxlu qızıl var.


Marşall və Satter bütün bunları sirr kimi saxlamağa çalışsa da, Sem Brennan adlı bir şəxs onların planlarını pozur. Çaydan qızıl tapıldığını təsadüfən öyrənən Brennan əlində bir fincan qızıl tozu San-Fransisko küçələrində gəzə-gəzə qışqırır: “Qızıl! Qızıl! American-Riverdə qızıl var!”
Xəbər böyük sürətlə bütün ətraf ərazilərə yayılır. Artıq 1 ildən sonra bura 10 minlərlə qızıl axtaranlarla dolub-daşır. Qızıl haqqında məlumat nəşr edən yerli qəzetlərdən biri elə həmin gün öz fəaliyyətini dayandırdığını elan edir. Çünki nəşriyyatın işçiləri belə qızıl axtarmağa yollanırlar. Elə bu zamandan etibarən 1848-1855-ci illərin məşhur Kaliforniya qızıl hərisliyi dövrü başlayır.
İndi isə Sem Brennan adlı şəxs barədə. Yəqin belə düşünürsünüz ki,o, qızıl barədə hər kəsə məlumat verməklə səhv addım atıb. Çünki o, sakitcə ilk qızıl axtaran qrupa qoşula bilərdi və gizli şəkildə qızıllara sahib ola bilərdi. Lakin o çox uzaqgörən bir adam idi. Belə ki, Sem Brennan San-Fransiski yolunda mağazaya sahib yeganə insan idi və burada o torpaq qazmaq və qızıl əldə etmək üçün müxtəlif alətlər – bel, kürək, ələk və s. satmağa başlayır. Beləliklə, Sem Brennan özünün yaratdığı qızıl hərisliyinin köməkliyi ilə Kaliforniyanın ilk milyonçusuna çevrilir.

Aydan

Bizi izləyin və paylaşın