Qarsda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Qars şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar Heydər Əliyev parkında bir araya gələrək Ümummilli Liderin büstü önünə gül dəstələri düzüblər. Tədbir çərçivəsində əvvəlcə dahi siyasi xadimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, Ümummilli Lider uzaqgörən siyasəti ilə ölkəni ağır və taleyüklü bir mərhələdən çıxararaq sabitlik və inkişaf yoluna yönəldib. Baş konsul vurğulayıb ki, Heydər Əliyev bütün fəaliyyətini xalqına və dövlətinə xidmətə həsr edib.

Diplomat qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin formalaşması və inkişafında Heydər Əliyevin xüsusi rolu olub. O, Ümummilli Liderin “Bir millət, iki dövlət” prinsipinin bu gün də iki ölkə arasındakı münasibətlərin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Eyni zamanda, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrini xatırladan baş konsul, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin heç vaxt unudulmayacağını bildirib.

Çıxış zamanı qeyd olunub ki, Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində iki qardaş ölkənin beynəlxalq aləmdə mövqelərinin daha da gücləndiyi vurğulanıb.

Tədbirin sonunda iştirakçılar Heydər Əliyevin zəngin siyasi irsi, uzaqgörən dövlətçilik siyasəti və Türk dünyasının birliyinə verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.

Tədbirdə YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, Filologiya üzrə fəlsəfə  doktoru, dosent İlhamə Qəsəbova da iştirak edib. O, çıxışında qeyd edib ki, bu gün burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram hissi ilə qeyd edirik. Belə bir mənəvi əhəmiyyət daşıyan tədbirdə iştirak etmək mənim üçün böyük qürur və məsuliyyətdir.

Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının siyasi tarixində silinməz iz qoymuş dahi şəxsiyyətdir. O, Azərbaycan dövlətçiliyinin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və xalqımızın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyaraq güclü və nüfuzlu dövlətə çevrilmişdir.

Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinə hər zaman xüsusi önəm verirdi. Onun söylədiyi “Bir millət, iki dövlət” kəlamı bu gün də qardaşlığımızın əsas ideoloji sütunlarından biri kimi yaşayır. Türkiyə və Azərbaycanın həm sevincli, həm də çətin günlərdə bir-birinin yanında olması bu böyük ideyanın canlı təcəssümüdür.

Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir. Eyni zamanda Türkiyə ilə əlaqələrimiz strateji müttəfiqlik səviyyəsində inkişaf edir.

Biz mədəniyyət, tarix və mənəviyyat baxımından ortaq köklərə sahib xalqlar olaraq bu birliyi qorumağa və gələcək nəsillərə ötürməyə borcluyuq. Ümummilli Liderin ideyaları bundan sonra da xalqlarımız arasında dostluq və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

İlhamə Qəsəbova sonda belə əlamətdar tədbirin təşkilinə görə Azərbaycanın Qarsdakı Baş Konsulluğuna və baş konsul hörmətli Zamin Əliyevə təşəkkürümü bildirərək, tədbirə qatılanlara dərin ehtiramımı ifadə etdim.

Aydan

Bizi izləyin və paylaşın