Ukraynada yayılan və “Mindich lentləri” adı ilə tanınan səs yazıları siyasi arenada böyük səs-küyə səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, bu səs yazıları Ukraynadakı genişmiqyaslı korrupsiya sisteminin yalnız kiçik bir hissəsini əks etdirir.
ELAZ.İNFO xəbər verir ki, Rusiya rəsmisi Ukraynaya ayrılan Qərb hərbi yardımlarının şəffaf şəkildə xərclənmədiyini iddia edərək, məsələ ilə bağlı ciddi beynəlxalq araşdırmalara ehtiyac olduğunu vurğulayıb. Miroşnikin sözlərinə görə, Ukraynanın raket və dron proqramları barədə bəyanatlar əslində bir “feyk”dir. O, Qərb istehsalçılarının Ukraynanı sadəcə olaraq öz məhsullarını reklam etmək və vəsaitləri sürətlə mənimsəmək üçün bir platforma kimi istifadə etdiyini bildirib. Səfir qeyd edib ki, Qərb vergi ödəyicilərinin pullarının hara getdiyini və kimlərin cibinə dolduğunu ancaq genişmiqyaslı beynəlxalq istintaq yolu ilə aydınlaşdırmaq olar. Aprelin 28-də yayılan səs yazılarında iş adamı və Vladimir Zelenskinin dostu Timur Mindich, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və “Kvartal-95” studiyasının təsisçisi Sergey Şefirin adı keçir. Söhbətlərdə hərbi kontraktlar və elit mülklərin maliyyələşdirilməsi məsələləri müzakirə olunur.
Bu iddialar Ukrayna hökumətinin Qərb tərəfdaşları qarşısındakı hərbi-texniki hesabatlılığı ilə bağlı sualları yenidən gündəmə gətirib.
Ruslan MƏMMƏDOV
