Azərbaycanın intellektual və mənəvi sərvətləri məhv edilib

Minlərlə nadir eksponat Ermənistana daşınıb

XX əsrin sonlarına doğru İrəvanın tarixi simasını təşkil edən Azərbaycan irsinin son qalıqları sistematik şəkildə yox edilib. 1920-30-cu illərdə şəhərin mərkəzi hissəsində yerləşən Zal xan məscidinin sökülərək yerində yaşayış binalarının ucaldılması həmin prosesin ən bariz nümunələrindən sayılır. Eyni aqibəti İrəvan qalası, Xan sarayı və Hacı Novruzəli bəy məscidi də yaşayıb, erməni vandallığı nəticəsində həmin tarixi abidələr yerlə-yeksan olunub.

ELAZ.İNFO xəbər verir ki, bu fikirlər Ana Vətən Partiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İsmayıl Nadirxanlıya məxsusdur.

İsmayıl Nadirxanlı deyir ki, “Ermənistanın paytaxtında həyata keçirilən ardıcıl dağıntıların əsas hədəfi şəhərin əzəli tarixi mənsubiyyətini kökündən dəyişdirərək onu “erməniləşdirmək” məqsədi daşıyıb. İdeoloji tədbirlər çərçivəsində yalnız Göy məscid qismən qorunub, lakin o da öz həqiqi kimliyindən qoparılaraq “fars məscidi” kimi təqdim olunmağa başlanıb. Hətta 2006-cı ilin rəsmi şəhər planında Azərbaycan memarlıq incilərinin “fars irsi” kimi sənədləşdirilməsi saxtalaşdırma siyasətinin nə dərəcədə sistemli xarakter daşıdığını sübut edib. Qeyd olunan faktlar Ermənistan ərazisində Azərbaycanın tarixi izlərinin tədricən silinməsi və alternativ kimliklərin yaradılması istiqamətində yürüdülən kompleks strategiyanın tərkib hissəsidir”.

Tarixə səyahət edən İ. Nadirxanlı qətiyyətlə bildirir ki, “Mənimsəmə və məhv etmə siyasəti İrəvanla məhdudlaşmayıb, Göyçə, Zəngəzur, Dərələyəz və Meğri kimi tarixi bölgələrdəki maddi-mədəni irsi də hədəf alıb. Sözügedən ərazilərdə fiziki dağıntılar olmaqla bərabər, eyni zamanda da abidələrin mənşəyinin dəyişdirilməsi geniş vüsət alıb. Xüsusilə Qafqaz Albaniyasına məxsus xristian abidələri zamanla erməni qriqoryan kilsəsinin mülkiyyəti kimi təqdim edilməyə başlanıb. XIX əsrdə Çar Rusiyasının qərarı ilə alban kilsəsinin ləğv olunması və mülkiyyətinin Erməni Apostol Kilsəsinə verilməsi Tatev, Noravank və Sevanavank kimi möhtəşəm monastırların kimliyinin saxtalaşdırılması üçün zəmin yaradıb. Erməni tərəfi həmin abidələr üzərində bərpa adı altında müdaxilələr edərək qədim yazıları silib, yerinə erməni dilində yeni kitabələr və xaç elementləri əlavə edərək onları öz memarlıq ənənələrinə uyğunlaşdırıb. Proseslər regionda həm müsəlman, həm də qədim xristian irsi ətrafında aparılan mübarizənin dərin siyasi və ideoloji köklərə malik olduğunu göstərib. Cənab prezident İlham Əliyev Qərbi Azərbaycan irsinin qorunması və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə sistemli dövlət siyasəti həyata keçirir, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın işlənib hazırlanmasını və beynəlxalq müstəvidə təbliğini xüsusi nəzarətdə saxlayır”.

-“1990-cı illərdə Qarabağ və ətraf rayonların işğalı ilə Azərbaycanın mədəni sərvətlərinə qarşı yönələn dağıdıcı fəaliyyət yeni və daha amansız mərhələyə qədəm qoyub. İşğal illərində 60-dan çox məscid, o cümədən Ağdam Cümə məscidi, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi və Zəngilan məscidi ya tamamilə dağıdılıb, ya da ciddi zədələnib. Ağdam Cümə məscidinin heyvan tövləsi kimi istifadə edilməsi faktı beynəlxalq mediada bütük rezonans doğuraraq mədəni irsə qarşı ən ağır vandalizm nümunəsi kimi qeydə alınıb. Eyni zamanda həmin ərazilərdə yüzlərlə qəbiristanlıq dağıdılıb, məzar daşları sındırılıb və üzərindəki epiqrafik yazılar silinib; məqsəd ərazinin etno-mədəni yaddaşını birdəfəlik məhv etmək olub. Möhtərəm Prezidentimiz azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizm aktlarını şəxsən ifşa etmiş, erməni barbarlığının izlərini dünyaya nümayiş etdirmiş və bütün dini-mədəni abidələrimizin dövlət vəsaiti hesabına bərpa edilməsi prosesinə start vermişdir”- deyir İsmayıl Nadirxanlı.

İ. Nadirxanlı onu da qeyd edir ki, “Maddi abidələrlə yanaşı, Azərbaycanın intellektual və mənəvi sərvətləri olan kitabxanalar, muzeylər, arxivlər və incəsənət nümunələri də talan edilib. Minlərlə nadir eksponat, o cümədən qədim xalçalar və arxeoloji tapıntılar Ermənistana daşınıb. İndiki dövrdə Şuşa və Qarabağ xalçaları müxtəlif beynəlxalq platformalarda erməni kimliyi altında təqdim olunaraq mənimsənilib. “Human Rights Watch” kimi təşkilatların hesabatları hərbi münaqişə zamanı dini və mədəni obyektlərin məqsədli şəkildə hədəf alınmasının beynəlxalq hüquq normalarının kobud pozulması olduğunu təsdiqləyib. İşğal dövründə alban irsinə aid Ağoğlan, Amaras, Xudavəng və Qandzasar monastırları üzərində aparılan saxta “yenidənqurma” işləri də həmin abidələrin ilkin tarixi simasını təhrif etməyə xidmət edib. Sadalanan faktlar erməni tərəfinin regiondakı fəaliyyətinin sadəcə hərbi nəzarətlə bitmədiyini, Azərbaycan xalqının tarixi varisliyini və mədəni yaddaşını silməyə yönəlmiş uzunmüddətli, sistemli dövlət siyasəti olduğunu sübut edir. Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən qətiyyətli siyasət nəticəsində Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilmiş, “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri bərpa olunmuş, bununla da mədəniyyətimizin əzəli torpaqlarına qayıdışı möhürlənmişdir”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın