Moskvadakı Qələbə Muzeyinin “Poklonka” kinoteatrında VI Beynəlxalq “Düzgün Kino” Festivalının təntənəli açılış mərasimi keçirilib.
ELAZ.İNFO xəbər verir ki, Qələbənin 81-ci ildönümünə həsr olunmuş festivalın açılış mərasimində münsiflər heyətinin sədri, Rusiyanın əməkdar incəsənət xadimi Vladimir Qrammatikov iştirakçılara videomüraciət ünvanlayaraq layihənin həm proqram, həm də coğrafi baxımdan genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Festivalın açılış filmi rejissor Darya Bednarskayanın “Mən kapitan olacağam” ekran əsəri olub. Film insanları xilas etdiyi üçün mükafatlandırılan, lakin atasını tapmaq məqsədilə düşərgədən qaçmağa qərar verən 12 yaşlı Vanın hekayəsindən və onun özünü kəşf etmə yolundan bəhs edir. Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən və aprelin 28-dək davam edəcək festivalın proqramına Rusiya ilə yanaşı, xarici ölkələrin istehsalı olan 67 bədii, sənədli və cizgi filmi daxil edilib.
Münsiflər heyətinə Rusiya, Belarus, Qazaxıstan və Serbiyadan olan tanınmış kino xadimləri daxildir. Festival çərçivəsində yaradıcılıq görüşləri, xüsusi nümayişlər, o cümlədən rejissor Stanislav Qovoruxinin xatirəsinə həsr olunmuş proqramın keçirilməsi planlaşdırılır. 2022-ci ildən bəri təşkil olunan bu festivalın əsas məqsədi mədəniyyət müəssisələri, təhsil ocaqları və uşaq düşərgələri vasitəsilə keyfiyyətli kino nümunələrini geniş auditoriyaya çatdırmaqdır.
Ruslan Məmmədov

