ELAZ.İNFO xəbər verir ki, İran İslam Respublikasının Ekspertlər Şurasının bu gün keçirilən fövqəladə iclasında tarixi qərar qəbul edilib. Şuranın nümayəndələrinin yekdil səsverməsi ilə Ayətullah Seyid Müctəba Hüseyni Xameneyi İranın müqəddəs sisteminin üçüncü rəhbəri elan olunub.
Dövlət teleradio şirkətinin yaydığı bəyanatda deyilir: “Ekspertlər Şurasının möhtərəm nümayəndələri tərəfindən Ayətullah Müctəba Xameneyi yekdillə ölkənin lideri təyin edilib.”
56 yaşlı Müctəba Xameneyi hələ bir müddət əvvəl medianın və siyasi ekspertlərin ən çox ehtimal etdiyi namizəd idi. Lakin onun namizədliyi daxili siyasi dairələrdə birmənalı qarşılanmırdı: Bir çoxları Müctəba Xameneyinin hakimiyyətə gəlməsini inqilabi prinsiplərə əsaslanan sistemdə “dinastik varislik” (hakimiyyətin atadan oğula keçməsi) kimi qiymətləndirərək tənqid edirdi. İnqilab prinsiplərinin irsi hakimiyyəti rədd etməsi bu təyinatı siyasi baxımdan həssas mövzuya çevirmişdi.
Müctəba Xameneyi atasının sağlığında da ölkənin daxili və xarici siyasətində, xüsusən də hərbi-təhlükəsizlik blokunda mühüm təsirə malik şəxs hesab olunurdu. Onun rəsmi olaraq lider seçilməsi İranın həm Yaxın Şərq strategiyasında, həm də Qərblə olan gərgin münasibətlərində yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər.
Ruslan MƏMMƏDOV