ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə hərbi-siyasi vəziyyət kəskinləşməkdə davam edir. İraqda fəaliyyət göstərən radikal şiit qruplaşmaları son 24 saat ərzində regiondakı Amerika hərbi obyektlərinə qarşı irimiqyaslı əməliyyatlar keçirdiklərini bəyan ediblər.
İraqdakı bir neçə iranpərəst silahlı qrupu özündə birləşdirən “İraq İslami Müqaviməti” hərəkatının yaydığı məlumata görə, tərəfdarları sutka ərzində ABŞ-ın regiondakı bazalarına qarşı ümumilikdə 26 hərbi əməliyyat həyata keçirib. Bəyanatda qeyd olunur ki, bu hücumlar həm İraq ərazisindəki, həm də ətraf regiondakı strateji obyektləri hədəf alıb. Radikal qruplaşmaların iddiasına görə, bu hücum dalğası zamanı müasir hərbi texnologiyalardan geniş istifadə edilib: Əməliyyatlar zamanı onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlərdən istifadə olunduğu bildirilir. Regiondakı “düşmən bazaları” kimi xarakterizə edilən Amerika hərbi infrastrukturunun sıradan çıxarılması.
Xatırladaq ki, bu hadisələr ABŞ və İsrailin İrandakı hərbi əməliyyatları fonunda baş verir. Analitiklər hesab edirlər ki, bu cür koordinasiyalı hücumlar regionda proksi qüvvələr vasitəsilə həyata keçirilən “cavab zərbələri” taktikasının bir hissəsidir. Hələlik rəsmi Vaşinqton və ya Pentaqon bu 26 hücumun nəticələri, dağıntılar və ya canlı qüvvə itkisi barədə hər hansı təsdiqləyici məlumat yaymayıb. ELAZ.İNFO hadisələrin inkişafını izləyir.
Ruslan MƏMMƏDOV