Maddi imkansızlıq uşaqların bayram sevincinə mane olmamalıdır

ELAZ.İNFO. Mart ayının gəlişi ilə ölkə təqvimində müşahidə olunan bayram sıxlığı fonunda bölgələrdəki real sosial mənzərə və vətəndaşların iqtisadi çətinlikləri günün ən aktual mövzusuna çevrilib. Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilatının sədri Ruslan Məmmədov cari vəziyyəti təhlil edərək, xüsusən aztəminatlı ailələrin və uşaqların qarşılaşdığı problemlərlə bağlı genişmiqyaslı şərh verib.

Ruslan Məmmədov bildirir ki, bu il mart ayı həm 8 Mart, həm Novruz, həm də Ramazan bayramlarının, eləcə də ardıcıl çərşənbələrin üst-üstə düşməsi ilə yadda qalır. Lakin mövcud gəlirlər bu “bayram marafonu”nun iqtisadi yükünü çəkmək iqtidarında deyil: Vətəndaşın aldığı minimum əməkhaqqı bu iqtisadi ağırlığı daşımağa hazır deyil. İnsanlar süni şəkildə yaradılmış çətin seçim qarşısında qalıblar: ya Novruz xonçası düzəltməli, ya xanımları təbrik etməli, ya da iftar süfrəsi açmalıdırlar. Rəsmi statistikada göstərilən istehlak zəmbili ilə bazarın real diktəsi arasında uçurum var. Bazar qiymətlərinin kəskin artımı qarşısında həmin ‘zəmbil’ artıq sadəcə kağız üzərindəki rəqəmdən başqa bir şey deyil.

Müsahibə zamanı uşaqların bu bayramlarda tam öz haqlarını alması məsələsinə toxunan MCP sədri, “uşaq pulu” mövzusunun ölkənin ən yaralı yeri olduğunu vurğulayıb:

“Uşaq pulu hər bir Azərbaycan ailəsinin konstitusion və mənəvi haqqıdır. Partiyamızın başqanı Razi Nurullayev, eləcə də bir çox millət vəkilləri dəfələrlə Milli Məclisin tribunasından bu məsələni ən sərt şəkildə qaldırsalar da, təəssüf ki, hələ də uşaqlarımız bayram süfrələrində öz tam haqlarını tapmayıblar. Valideynlər övladına bir anlıq sevinc bəxş etmək üçün ağır iqtisadi sıxıntılarla üz-üzə qalırlar. Bu sosial ödənişlərin bərpası artıq seçim deyil, ailələrin bayramı bayram kimi qeyd etməsi üçün mütləq zərurətdir.”

Salyanda keçirilən rəsmi şənliklərin əhatə dairəsini dəyərləndirən Ruslan Məmmədov, kənd uşaqlarının bu prosesdən kənarda qalmasını ciddi nöqsan kimi qiymətləndirib:

“Hər il rayon rəhbərliyi tərəfindən müxtəlif şənliklər keçirilsə də, kəndlərdə yaşayan bir çox uşaq maddi imkansızlıq səbəbindən mərkəzə gətirilə bilmir. Bizim Salyanda Kukla Teatrımız var. Bəli, mədəniyyət ocaqlarının maliyyə durumu zəngin olmaya bilər, lakin bu, uşaqlarımıza sevinc bəxş etməmək üçün əsas deyil. Xeyriyyəçi sponsorları, iş adamlarını bu prosesə cəlb edərək uşaqlar üçün ödənişsiz konsertlər və tamaşalar təşkil etmək olar.”

Ruslan Məmmədovun fikrincə, burada söhbət təkcə sosial ehtiyaclı uşaqlardan yox, bütün körpələrin iştirakından gedir:

“Burada artıq sosial ehtiyaclı uşaqların qeydiyyatı yox, ümümi uşaqların qeydiyyatı aparılmalı, hətda şənliklərə gəlməsinə şərait yaradılmalıdır! lazım gələrsə həvəsləndirici tədbirlər gorülməlidir, bəlkədə məcburi! çünki bu onların haqqıdır Biz gələcəyə mükəmməl, kamil insan yetişdirmək istəyiriksə, körpələrimizin mədəniyyət ocaqlarında daha çox vaxt keçirməsini təmin etməliyik. Mədəniyyət uşağın ruhunu formalaşdıran əsas amildir. İqtisadi çətinliklər uşağın mənəvi inkişafına mane olmamalıdır. Mədəniyyət ocaqlarının qapısı uşaqlarımızın üzünə sənəd üzərindən yox, real həyatda sonuna qədər açıq olmalıdır.”

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights