Milan derbisində həlledici qol: “İnter”in qələbə seriyası qırıldı

ELAZ.İNFO xəbər verir ki, İtaliya çempionatının 28-ci turunda “Milan” prinsipial rəqibini minimal hesabla məğlub edib İtaliya A Seriyasının 28-ci turu çərçivəsində keçirilən mühüm qarşılaşmada “Milan” doğma San-Siro stadionunda əzəli rəqibi “İnter”i qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

Görüşün taleyi birinci hissədə həll olunub. Matçın 35-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Pervis Estupinyan rəqib qapısına yol taparaq komandasını irəli çıxarıb. “İnter”in qapıçısı Yann Zommerin səylərinə baxmayaraq, hesab sonadək dəyişməz qalıb və bu qol derbinin taleyini müəyyənləşdirib.

Bu nəticədən sonra “İnter”in çempionatdakı səkkiz oyunluq möhtəşəm qələbə seriyası dayanıb. Buna baxmayaraq, “neradzurrilər” 67 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Milan” isə bu qələbə sayəsində xallarının sayını 60-a çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib.

İtaliya çempionatının növbəti turunda lider “İnter” martın 14-də “Atalanta”nı qəbul edəcək. “Milan” isə martın 15-də səfərdə “Latsio”nun qonağı olacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights