ELAZ.İNFO xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) ilə münasibətlərin bərpası və əməkdaşlığın yenidən qurulması üçün hazırda heç bir ilkin şərtin olmadığını bəyan edib. Rusiya XİN-in Avropa problemləri departamentinin rəhbəri Vladislav Maslennikov Brüsselin yürütdüyü kəskin kursu tənqid edərək, münasibətlərdəki dərin böhranın detallarını açıqlayıb.
Diplomatın sözlərinə görə, rəsmi Moskva Avropa Komissiyasının iqtisadi sahədə atdığı addımları yaxından izləyir: Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin rəhbərliyi altında iqtisadi əlaqələrin tamamilə kəsilməsi üçün uzunmüddətli hüquqi baza yaradılır. Brüssel bu addımları Avropa İttifaqının özünə dəyən ciddi iqtisadi zərərə baxmayaraq atmağa davam edir. Avropa institutlarında hökm sürən kəskin mövqe əməkdaşlığın bərpası ehtimalını sıfıra endirir.
Maslennikov qeyd edib ki, Avropa şirkətlərinin Rusiya bazarından gedişi boşluq yaratmayıb: Əvvəllər avropalı tərəfdaşların tutduğu sahələr artıq digər ölkələrin şirkətləri tərəfindən mənimsənilib. Bir çox istiqamətlər üzrə yerli Rusiya biznesi fəallaşaraq boş qalan nişaları doldurub. Gələcəkdə Brüsselin xarici siyasət kursu dəyişsə belə, bu yeni reallıqlar mütləq nəzərə alınacaq.
Ruslan MƏMMƏDOV