ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev regionda artan hərbi-siyasi gərginlik və bunun geniş coğrafiyaya təsirləri barədə mühüm açıqlamalar verib. Millət vəkili vətəndaşları emosional yanaşmalardan qaçmağa və milli maraqları hər şeydən üstün tutmağa səsləyib.
Razi Nurullayev qonşu regiondakı hərbi qarşıdurmanın miqyasının yalnız bir neçə dövlətlə məhdudlaşmadığını bildirib. İran regionun əsas ölkələrindən biridir və orada baş verən gərginlik Yaxın Şərqdən Cənubi Qafqaza, Xəzər hövzəsinə qədər uzanan geniş ərazini təsirləndirə bilər. Ən böyük risk münaqişənin uzanması və qeyri-müəyyənliyin dərinləşməsidir. Enerji marşrutları, logistika xətləri, ticarət əlaqələri və miqrasiya axınları ciddi dəyişikliklərə məruz qala bilər. Daxili sabitliyin pozulması ehtimalı region ölkələri üçün əlavə humanitar və təhlükəsizlik çağırışları yaradır.
Azərbaycanlı hər şeydən əvvəl öz dövlətinə bağlı olmalı və milli maraqları əsas götürməlidir. Müstəqil və dünyəvi dövlət olaraq, xarici ölkələrdəki hadisələr ilk növbədə Azərbaycanın maraqları prizmasından qiymətləndirilməlidir. Xarici proseslərin ölkə daxilində süni bölünmə və qarşıdurma yaratmasına imkan verilməməlidir.
Deputatın sözlərinə görə, cəmiyyət daxilində parçalanma yaratmaq istəyən davranışlardan uzaq durmaq vacibdir: “Hər bir vətəndaş bilməlidir ki, dövlətin rəsmi mövqeyi artıq açıqlanıb və beynəlxalq münasibətlər həmin çərçivədə qurulur. Cəmiyyət olaraq birliyimizi qorumalıyıq.”
Ruslan MƏMMƏDOV