ELAZ.İNFO xəbər verir ki, regionlarda sahibkarlıq mühitinin daralması, kənd təsərrüfatında tətbiq olunan sərt cərimə mexanizmləri və gənclərin kütləvi miqrasiyası ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) Salyan təşkilat sədri Ruslan Məmmədov genişmiqyaslı şərh və təhlillə çıxış edib
— Ruslan bəy, gəlin bir az fərqli tərəfdən başlayaq. Bir siyasi təşkilatın bölgə rəhbəri kimi, Sizin üçün “vətəndaşın yanında olmaq” nə deməkdir? Partiyanızın mərkəzi xətti ilə bölgədəki fəaliyyətiniz necə üst-üstə düşür?
— Bizim üçün vətəndaşın yanında olmaq onun problemini sadəcə dinləmək deyil, həmin problemin kökünü qanunvericilik səviyyəsinə qədər çatdırmaqdır. Milli Cəbhə Partiyasının sədri, hörmətli Razi Nurullayev hər zaman vurğulayır ki, vətəndaşa və sahibkara alternativ təklif etmədən cərimə yazmaq sadəcə ədalətsizlikdir. Mən Salyanda hər gün bu reallıqla üz-üzəyəm. Razi müəllimin Bakıda qaldırdığı məsələlər bizim bölgədəki fəaliyyətimizin onurğa sütunudur. Biz bir komandayıq: o, qanunvericilik səviyyəsində, mən isə burada, yerlərdə insanların haqqını müdafiə edirik.
— Ruslan bəy, bir az da sahibkarlıq mühitindən danışaq. Bu gün bölgələrdə kiçik bizneslə məşğul olanların, məsələn, istixana və ya iaşə obyektləri saxlayanların əsas çətinlikləri nədən ibarətdir?
Bu, artıq fərdi şikayət deyil, sistemli bir tıxanmadır. Milli Cəbhə Partiyasının sədri, hörmətli Razi Nurullayev Milli Məclisdə bu məsələni ən yüksək səviyyədə qaldırıb: vətəndaşa alternativ təklif etmədən cərimə kəsmək, onu iqtisadiyyatdan küsdürməkdir.
Kənardan hər şey “qayda-qanun” kimi görünə bilər, amma daxildə vəziyyət fərqlidir. Məsələn, bir sahibkar illərlə əziyyət çəkib istixana qurur. Aidiyyəti qurum isə gəlib dərhal qaz uqarını, tüstünü bəhanə edib ağır cərimə tətbiq edir. İnsan sağlamlığı, əlbəttə, alqışlanmalıdır. Amma həmin qurum sahibkara o tüstünü təmizləmək üçün bir cihaz təklif edibmi? Yox! Sən yol göstərmədən birbaşa cərimə kəsirsənsə, bu, inkişafa yox, ancaq sahibkarın iflasına xidmət edir. Kiçik bir kafe sahibi mətbəxdə xırda bir iş görmək istəyəndə elə tələblər qoyulur ki, onlara heç bir texniki və ya vergi güzəşti edilmir. Bu, insanları işindən soyudur.
— Bəs kənd təsərrüfatı və infrastruktur məsələlərində vəziyyət necədir? Fermerlərin gündəlik fəaliyyətinə mane olan hansısa bürokratik məqamlar varmı?
— Ən böyük maneə elə xidmət göstərməli olan qurumların ləngliyidir. Fermer su pulunu artıqlaması ilə ödəyir, amma su idarəsi yalnız ana kanalları təmizləyir. İkinci dərəcəli kanalları isə kəndli öz hesabına təmizləməli olur. Bəs sonra nə baş verir? Əgər o kanalın üstündə böyürtkan kolu və ya yabanı ağac bitibsə, onu təmizləyən traktorçu dərhal ağır cərimə ilə hədələnir. Vətəndaş kanal təmizləmək üçün qapı-qapı icazə dalınca qaçmamalıdır. Qurumlar yerində baxış keçirib sahibkara kömək olmalıdır. Məmurlar başa düşməlidir ki, o böyürtkan kolu fermerin illərlə çəkdiyi zəhmətdən və məhsuldan daha dəyərli deyil!
— Ruslan bəy, rayonlarda gənclərin asudə vaxtı və yaşayış şəraiti ilə bağlı nə deyə bilərsiniz? Sizcə, onların kəndləri tərk etməməsi üçün hansı real addımlar atılmalıdır?
— Şərait yoxdursa, gənc niyə kənddə qalsın? Rayonlarda gənclər çayxanalarda domino, nərd oynamaqla vaxt öldürürlər. Bizə kinoklublar, mədəniyyət evləri lazımdır, əslində bunlar dövlət başçımızın tapşırıqı əsasıda var amma bu, cür mədəniyyət ocaqlarının qapısı gənclərimizin üzünə sənəd üzərindən yox, realda açıq olmaqla yanaşı, könullülər dəstəsidə yaradılmalıdır! Bu bütün sahələrdə var mədəniyyət sahəsində niyə olmasın? bu həttda yeniyetmələrlə yanaşı gənclərimizdə itib batmış istedadların da, üzə çıxmasına səbəb olacaq. Xüsusəndə idman sahəsində! Bundan əlavə, sosial evlər tikilməli, ictimai nəqliyyat bərpa olunmalı və ya artırılmalıdır ki, gənclər virtual aləmdən uzaqlaşıb real görüşlərə üstünlük verə bilsinlər. Ən əsası, bölgələrdə iş yerləri üçün vergi və sosial ödənişlərdə ciddi güzəştlər edilməlidir. Yoxsa həm gənclər, həm də yaşlı nəsil torpağı boş qoyub getməyə məcbur qalacaq.
— Son olaraq, MCP Salyan rayon təşkilatı olaraq fəaliyyətinizi hansı prinsiplər üzərində qurursunuz?
— Bizim hədəfimiz bəllidir: Razi Nurullayevin rəhbərliyi ilə güclü və rifah içində olan Azərbaycan! Cənab Prezident İlham Əliyev sahibkarlara hər cür şərait yaradılmasına dair müvafiq sərəncamlar imzalayıb, dəfələrlə “sahibkarlara dəstək olun, onlara kömək olun” deyib. Biz də istər partiya, istərsə də yerli təşkilat olaraq məhz bu qərarları rəhbər tuturuq. Məqsədimiz vətəndaşlarımızın haqlı narazılıqlarını qanuni vasitələrlə aidiyyəti orqanlara çatdırmaq və onların hüquqlarının qorunmasında dəstək olmaqdır. Güclü dövlət kabinetdə cərimə yazan məmurla yox, tarlada məhsul yetişdirən kəndli ilə qurulur. Mən ölkəmin əsgəri, xalqımın xidmətçisiyəm. Bizim yolumuz ədalət və xidmət yoludur.
Ruslan MƏMMƏDOV