Bütün hərbi və iqtisadi rıçaqlar məhz SEPAH-ın əlində cəmlənib

ELAZ.İNFO

İnsafla deməliyəm ki, Pezeşkian qonşu ölkələrlə münasibətləri sabit saxlamağa çalışan biridir, hər halda indiyədək sərgilədiyi mövqe bunu göstərib. Hətta qonşu ölkələrə ünvanlanan son bəyanatı da elə bu mövqenin təzahürü sayıla bilər. Amma bunu da etiraf etməliyik ki, İranın hakimiyyət ierarxiyasında Pezeşkian çox zəif bənddir. Bütün hərbi və iqtisadi rıçaqlar məhz SEPAH-ın əlində cəmlənib. Hərbi potensialını kənara qoysaq, hətta ötən onlikllərdə İran iqtisadi sanksiyalara məruz qalan zaman məhz SEPAH idi ki, dünyanın müxtəlif ölkələrində məxfi adlarla embarqolardan yayınma fəaliyyətləri həyata keçirirdi. Yəni fəaliyyəti hər zaman çox şaxəli olub və ölkənin əsas gücü də odur. Diqqət etdinizsə, SEPAH -ın israrı ilə Xamneyinin oğlu Müctəbanı atasının yerinə “seçdilər”. Halbuki bu dini vəzifəyə daha nüfuzlu ruhanilər seçilə bilərdi. Amma SEPAH belə istədi və əslində bununla savaşın daha da siddətlənəcəyi mesajı da verildi. Bu gün Azərbaycan ərazisinə, Naxçıvana düşən dronlar da ilkin xəbərdarlıq sayıla bilər. Ümid edirəm ki, rəsmi Bakı bu təxribata soyuqqanlı cavab verəcək. Unutmayaq ki, sərhədin hər iki tayında yaşayanlar məhz bizim qardaş və bacılarımızdır.
Mövcud rejimin mənsubları ötən yarım əsrdə o qədər qan töküblər ki, hakimiyyətdən sivil səkildə əl çəkəcəkləri real görünmür. Bir sözlə, qarşıda bütün İran əhalisi ağır sınaq qarşısındadır. Qonşular üçün də çətinliklər istisna deyil…

Rüfət Muradlı

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights