ELAZ.İNFO xəbər verir ki, Moskvada keçirilən futbol üzrə Rusiya Kubokunun “Rusiya Premyer Liqası (RPL) yolu”nun yarımfinal mərhələsinin ilk oyununda ÇSKA “Krasnodar”ı qəbul edib. “VEB-Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Görüş hər iki komanda üçün kifayət qədər gərgin və hadisələrlə zəngin keçib: Oyunun 19-cu dəqiqəsində ÇSKA-nın yarımmüdafiəçisi İvan Oblyakov penaltini dəqiq yerinə yetirə bilməyib – “Krasnodar”ın qapıçısı Stanislav Aqkatsev zərbəni dəf edib. Hesabı qonaqlar açıb. 22-ci dəqiqədə Mozes Kobnan fərqlənərək “Krasnodar”ı önə keçirib. İkinci hissədə oyunun axarını dəyişən “orduçular” ardıcıl qollar vurublar. Kirill Qlebov (54), Danil Kruqovoy (68) və Mateus Alves (90+3) qələbəni təmin edən qolların müəllifi olublar. 72-ci dəqiqədə “Krasnodar”ın futbolçusu Covanni Qonsales meydandan qovularaq komandasını azlıqda qoyub.
Xatırladaq ki, ÇSKA Rusiya Kubokunun son qalibidir və aktivində 9 belə trofey var. “RPL yolu”nun qaydalarına əsasən, komandalar məğlub olduqda belə turnirdən tam kənarlaşmırlar, “Regionlar yolu”nda mübarizəni davam etdirmək şansı qazanırlar. Bu cütün cavab oyunu martın 17-də Krasnodarda baş tutacaq. Digər yarımfinalda isə bu gün, martın 5-də “Dinamo” və “Spartak” komandaları üz-üzə gələcək.
Ruslan MƏMMƏDOV