ELAZ.İNFO xəbər verir ki, bu gün, 3 mart tarixində məşhur “Rondo” qrupunun lideri, unudulmaz “Боже, какой пустяк” hitinin ifaçısı Aleksandr İvanovun 65 yaşı tamam olur. Sənətçi yubileyini yeni bir mahnı təqdimatıyla qeyd edərək musiqi dünyasındakı yerini qoruduğunu bir daha sübut edib. Müəllif 65 yaş günündə “Rondo”nun klassik üslubunda hazırlanan “Полчаса” adlı yeni mahnısını təqdim edib. İvanov 65 yaşı sadəcə rəqəmlər kimi qəbul etdiyini, hər şeyin insanın daxili hisslərindən asılı olduğunu bildirib. Sənətçi etiraf edib ki, rok-konsertlər böyük fiziki güc tələb etsə də, o, gənclik drayvı ilə illərin təcrübəsini (ballada müdrikliyini) birləşdirərək pərəstişkarları üçün oxumağa davam edir.
İvanov müasir musiqi bazarında elektronikanın və süni intellektin artmasından narahatlığını ifadə edib. O, 1960-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər olan “canlı ifa” dövrünə daha yaxın olduğunu vurğulayıb. Sənətçinin fikrincə, hazırda rok musiqisinin media məkanında iştirakı azalıb və bu janra daha çox dəstək lazımdır. Gələcək planlarından danışan yubilyar, yeniliklərlə dolu böyük bir qastrol turuna hazırlaşdığını qeyd edib.
Ruslan MƏMMƏDOV